Press "Enter" to skip to content

İzmirdəki soydaşlarımızın bayram tədbiri

Son yeniləmə: 30 Dekabr 2021 09:56

Bayraqdar.info – İzmirdə hər il olduğu kimi bu il də 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

Bu barədə bayraqdar.info-ya İzmirdə fəaliyyət göstərən Çağdaş Azərbaycan Kültür Dərnəyindən (ÇAKD) məlumat verilib.

Bildirilib ki, dekabrın 25-də keçirilən tədbirdə İzmirdə yaşayan soydaşlarımız, həmçinin burada işləyən və təhsil alan azərbaycanlılar iştirak edib.

Cemal Mehmethanoğlu

Tədbirdə çıxış edən Çağdaş Azərbaycan Kültür Dərnəyinin sədri Cemal Mehmethanoğlu öncə iştirakçıları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib. Rəhbərlik etdiyi təşkilatın fəaliyyətinə qısa nəzər salan C.Mehmethxanoğlu ötən müddətdə görülən işlərdən bəhs edib.

Çıxışında Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərə də toxunan sədr deyib: “Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun əldə etdiyi tarixi Zəfər türk dünyasında sevinclə qarşılandı. Mən bizə, bütün dünyada yaşayan azərbaycanlılara bu xoşbəxtliyi yaşatdığı, torpaqlarımızı düşmən işğalından azad etdiyi üçün başda cənab Ali Baş Komandan İlham Əliyev olmaqla qəhrəman Azərbaycan Ordusuna təşəkkür edirəm. Eyni zamanda demək istəyirəm ki, həmin savaş günlərində biz diaspor təmsilçiləri də hər an ayaqda olduq, Azərbaycanla həmrəyliyimizi nümayiş etdirdik. Bu fəaliyyətimiz postmüharibə dövründə də davam edir”.

Dərnəyin sədr müavini Murtaza Kraçanta isə çıxışında İzmirdəki soyaşlarımızın, o cümlədən diaspor təşkilatlarının fəaliyyətindən bəhs edib: “İzmirdəki soydaşlarımız və diaspor təşkilatlarımız arasında birlik, həmrəylik mövcuddur. Bu birliyimiz gələcəkdə də davam edəcək. Hamımızın vahid məqsədi Vətənimiz haqqında həqiqətləri İzmir ictimaiyyətinə çatdırmaq, Azərbaycan mədəniyyətini ən yüksək səviyyədə tanıtmaqdır. Necə ki, indiyə qədər Azərbaycanın yanında olmuşuq, bundan sonra da olmaqda davam edəcəyik”.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Dəyərli sənətçimiz Mələkxanım Əyybova, eyni zamanda Türkiyədə yaşayan Azərbaycan əsilli sənətçilərin ifasında musiqilər səslənib.

 

 

Mission News Theme by Compete Themes.