Bayraqdar.info – Qardaş Qırğızıstanla qarşılıqlı iqtisadi əlaqələrin inkişafına dair müzakirələr aparılıb.
Bu barədə bayraqdar.info-ya fevralın 2-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İqtisadiyyat, Energetika və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri və sahibkarlardan ibarət Azərbaycan nümayəndə heyəti Qırğızıstana səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Qırğızıstanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirib, müzakirələr aparıb.
Qırğızıstanın investisiya naziri vəzifəsini icra edən Nuradil Bayasovla görüşdə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizin Qırğızıstanla iqtisadi əlaqələrin inkişafına önəm verdiyini diqqətə çatdırıb. O, Azərbaycanda aparılan uğurlu islahatlar, əlverişli biznes və investisiya mühiti, işğaldan azad olunmuş ərazilərimizin investisiya potensialı barədə məlumat verib.
N. Bayasov ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayb, birgə layihələrin həyata keçirilməsi imkanlarını qeyd edib.
Görüşdə investisiya tərəfdaşlığının inkişafı barədə fikir mübadiləsi aparılıb.
Qırğızıstanın iqtisadiyyat və ticarət nazirinin müavini Kanat Abdrahmanovla görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətləri müzakirə olunub.
Bişkekə səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidenti Administrasiyasının Siyasi və iqtisadi araşdırmalar şöbəsinin müdiri Almaz İsanov, kənd təsərrüfatı nazirinin müavini Azamat Mukaşev, rəqəmsal inkişaf nazirinin müavini Aynura Tuybayeva, energetika nazirinin müavini Tilek Aytaliyev və digərləri ilə görüşlər keçirib. Görüşlərdə iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.





