Press "Enter" to skip to content

Xəstə nə qədər tələssə də armud vaxtında yetişər

Azər Həsrət

Bayraqdar.info – Bir gerçək var ki, ağıllı adam başqalarının səhvlərindən öyrənməyi üstün tutar. Düşüncəsiz adamlarsa təkrar-təkrar səhv edər, hələ üstəlik öz səhvlərindən də bir şey öyrənməzlər. Nəticə isə o olar ki, batdıqca batarlar, batdıqları bataqlıqdan heç cür çıxa bilməzlər.

Hazırda Azərbaycan həmin o ağıllı adamın vəziyyətindədir. Dövlət ağlı – üstün zəka ətrafda baş verənləri müşahidə edir, bilgi toplayır, sonra təhlillər aparıb özü üçün ağlabatan ehtimalları götür-qoy edir. Edir ki, başqalarının səhvlərini təkrarlamasın.

Diqqətli oxucularımız yaxşı xatırlar. 2008-ci ildə, hələ Mixeil Saakaşvili prezident ikən Gürcüstan bir hücumla bölücü və əslində Rusiyanın birbaşa nəzarətində olan Abxaziya və Güney Osetiyanı ram etməyə qalxışdı. Onda Azərbaycanda bir sıra kəsimlər vardı ki, M.Saakaşvilini örnək göstərərək bizim dövlətimizdən də Qarabağın azadlığı yolunda bənzər “qətiyyət” tələb edirdilər. Amma onda Azərbaycan dövləti, daha dəqiq desək Prezident İlham Əliyev təmkinini pozmadı, “hələ görək bunun axırı necə olur” deyib gözləməyə üstünlük verdi.

Və düz də elədi. Çünki Rusiya tankları bir neçə günün içində Tiflisin həndəvərinə dirənəndə Gürcüstan əlində olanı da verib birtəhər başını qurtarmalı oldu. O savaşa qədər əgər Abxaziya və Güney Osetiya nəzarətdən kənar olsa da hətta Rusiya tərəfindən də Gürcüstan torpağı kimi tanınırdısa, az sonra “müstəqil” dövlətlər kimi tanındılar. Əlbəttə, Rusiya tərəfindən. Və günü bu gün də Gürcüstan heç nə edə bilmir, dünya da bu duruma biganədir.

Bənzər hadisələrdən biri də 2014-cü ildə yaşandı. Ukrayna Qərbin gəl-gəlinə o qədər aludə oldu ki, bir göz qırpımında Rusiya Krım avantürasını işləyib hazırladı, guya yerli əhalinin referendumla aldığı qərarla Ukraynanın ərazisi olan bu qədim türk torpağı öz ana qucağından qoparıldı. Aradan 8 ilə yaxın vaxt keçib, amma Krım da unudulur…

Bunun fonunda yenə də Ukrayna Rusiya ilə münasibətlərdə sərt ritorikadan əl çəkmədi. Bu da ona səbəb oldu ki, Rusiya Ukraynanın daha iki vacib ərazisini nəzarət altına aldı və bugünlərdə hətta onları “müstəqil” dövlət kimi tanıdı.

Arada 2016-cı ilin Lələtəpə əməliyyatı da oldu. Azərbaycanın igid oğullarının canı və qanı bahasına illər sonra Vətən torpaqlarının az bir kəsimi Ermənistanın işğalından azad edildi. Millət həvəsləndi, ayağa qalxdı və “İrəli!” tələb etdi. Amma Azərbaycan Prezidenti, Ali Baş Komandan İ.Əliyev bu dəfə də təmkinli davrandı, dayanmağa qərar verdi. Sonrakı dövrdə üzə çıxan bir sıra gerçəklər onun əməliyyatı dayandırmaqda nə qədər haqlı olduğunu göstərdi. Halbuki radikallar onu bu əməlinə görə daha nələrdə ittiham etmirdilər?..

Və 2020-ci ilin müqəddəs Vətən savaşı – 44 günlük şərəf müharibəsi! Yenə də Ali Baş Komandan İ.Əliyevin başçılığı altında Azərbaycan ordusu sürətlə – ard-arda torpaqları düşmən tapdağından azad etməyə başladı. Bu 44 günün 42-cisində artıq Azərbaycan bayrağı Şuşaya sancıldı və döyüşçülərimiz Xankəndi üzərinə yürüməyə başladı. Elə bu anda Ermənistan təslim oldu, savaşı dayandırmaq üçün Quzey qonşumuza – öz ağası Rusiyaya yalvardı. Rusiya da Prezident İ.Əliyevin öncədən elan etdiyi şərtlər çərçivəsində savaşı dayandırmaq üçün vasitəçilik etdi. 2020-ci il noyabrın 10-da savaş büsbütün dayandı, ardından da cəmi 20 günə üç rayon Ermənistanın işğalından azad edildi. Bir güllə atılmadan, bir şəhid verilmədən!

Yenə də İ.Əliyev ittiham edildi ki, niyə Xankəndinə çatmışkən savaşı dayandırdı? O vaxt da izah etmişdik, indi də izah edirik: belə olması ən doğrusudur. Əks təqdirdə başımıza çox böyük bəlalar gələ bilərdi. Həm də o savaşı 3 min deyil, kim bilir daha neçə min şəhidlə, üstəlik də biabırçı bir şəkildə başa vura bilərdik. O baxımdan İ.Əliyevin təmkini Azərbaycanı bütün anlamlarda uduşlu tərəf kimi vəziyyətdən çıxardı. Belə bir gedişat Azərbaycanın bütün bədxahlarını çıxılmaz vəziyyətə saldı və günü bu gün də bunun necə baş verdiyi üzərində baş sındırırlar.

Demək istədiyimiz odur ki, torpaqlarımız uzun illər ərzində işğal altında olsa da Azərbaycanın dövlət ağlı təmkinini pozmadı. Eyni zamanda nə Qərbin, nə Şərqin, nə Güneyin, nə də Quzeyin havasına oynamadı. Azərbaycan bir dövlət olaraq öz simasını qorudu, dinc inkişaf yolu seçdi, sərt hərəkətlərdən yayındı, ən məsul anlarda belə bölgəmizin əsas söz sahibi olan Rusiya ilə dil tapmağı bacardı. Nəticə də odur ki, biz torpaqlarımıza da qovuşduq, Rusiyanın loyallığına da nail olduq.

Düzdür, indinin özündə də adamlar tapılır ki, Xankəndində bayrağımızın niyə dalğalanmadığını sorğulayır. Bizsə onlara izah etməyə çalışırıq ki, Şuşaya bayrağın sancılmasını təmin edən Ali Baş Komandan çox yaxında bunu Xankəndində də edəcək. Sadəcə bir balaca təmkin, bir balaca anlayış lazımdır.

Bizim üçün hər şeydən öndə olan Azərbaycanın milli maraqlarıdır. O maraqlar bəzən tam təmin edilməyə bilir. Yaxud da gec təmin edilir. Belə durumlarda təmkinli davranmaq lazımdır. Çünki azacıq həyəcan və gərəksiz sərtlik, örnək üçün, Gürcüstanın başına gələnlərin bizim də başımıza gəlməsinə səbəb ola bilər. Yaxud da elə lap bu günlərdə bütün dünyanın gözü qarşısında baş verməkdə olan Ukrayna faciəsi Azərbaycanda da yaşana bilərdi. Belə olmaması üçün bəzi məsələlərdə bir qədər gözləmək, yavaş davranmaq və maraqları uzlaşdırmağı bacarmaq lazımdır. Azərbaycan da bunu edir illərdir. Yoxsa Rusiya indiyə qədər Abxaziya, Güney Osetiya, Krım, Donetsk, Luqansk kimi qondarma bölücü bölgələr kimi Qarabağı da tanıyıb bizi dalana dirəmiş ola bilərdi.

Yəni dövlət ağlı – üstün zəka varsa, niyə tələskənliyə yol verək? Gec olsun, amma olsun da. Axı “xəstə nə qədər tələssə də armud vaxtında yetişər” deyib atalar…

Mission News Theme by Compete Themes.