Press "Enter" to skip to content

Nazim Hikmət – 120

Nazim Hikmət - 120

Bayraqdar.info – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli türk şairi Nazim Hikmətin anadan olmasının 120 illiyinə həsr edilən elmi sessiya keçirilib.

Bu barədə aprelin 4-də bayraqdar.info-ya AMEA-dan məlumat verilib. Məlumatda bildirilir ki, AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva görkəmli şair, nasir, dramaturq Nazim Hikmətin ümumbəşəri ideyalara xidmət etdiyini bildirib. N.Hikmətin türk şeirinə yeni forma və məzmun gətirdiyini deyən akademik G.Baxşəliyeva türk ədəbiyyatında sərbəst şeirin banisi olan şairin əsərlərinin bədii-estetik xüsusiyyətlərinə görə seçildiyini vurğulayıb. O, N.Hikmətin Azərbaycan şairləri ilə sıx əlaqədə olduğunu, dəfələrlə Azərbaycana gəldiyini, əsərlərinin burada dəfələrlə çap edildiyini, Şərqşünaslıq İnstitutunda şairin yaradıcılığı ilə bağlı kitabların nəşr olunduğunu, dissertasiyanın yazıldığını qeyd edib.

“Elmi sessiyada İnstitutun Türk filologiyası şöbəsinin müdiri dosent Səriyyə Gündoğdunun “Anadan olmasının 120 illiyində N.Hikmətin anılması” adlı məruzəsində şairin həyat və yaradıcılıq yoluna geniş nəzər salınıb. S.Gündoğdu türk ədəbiyyatının böyük şairi N.Hikmətin 61 illik ömrü ilə tarixdə iz buraxdığını, həyatında qarşılaşdığı çətinliklərə baxmayaraq mübarizədən geri çəkilmədiyini qeyd edib. O bildirib ki, N.Hikmət şairlik istedadı ilə türk poeziyasına yenilik gətirib, orijinal şeir ifadəsi, ritmi, musiqisi, yeni quruluşu və mövzuları ilə türk poeziyasında yeni bir cığır açıb.

“Sonra İnstitutun Türk filologiyası şöbəsinin əməkdaşları, dosentlər Rəşid Quliyev “Nazim Hikmət lirikasında Azərbaycan mövzusu”, Barat Osmanova “Maarif və mədəniyyət” jurnalı və Nazim Hikmət” və Arzu Dadaşova “Türk lirik şeirində Nazim Hikmətin yeri” mövzusunda məruzə ediblər”. Məlumatda belə deyilir.

Mission News Theme by Compete Themes.