Press "Enter" to skip to content

254 tona yaxın yaş barama təhvil verilib

Son yeniləmə: 14 İyun 2022 16:33

Bayraqdar.info – Respublikada yaş barama tədarükü davam edir. İyunun 14-dək kümçülər tərəfindən tədarük məntəqələrinə 253 ton 932 kiloqram yaş barama təhvil verilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bayraqdar.info-ya bildirilib ki, ən çox barama tədarükü Zərdab rayonunda aparılıb: “Zərdab kümçüləri tədarük məntəqələrinə 57 ton 322 kiloqram yaş barama təhvil veriblər. Məhsul tədarükünə görə, Ağcabədi (29 ton 597 kq), Balakən (26 ton 578 kq), Bərdə (16 ton 242 kq), Füzuli (11 ton 425 kq), Şəki (10 ton 724 kq), Zaqatala (10 ton 465 kq), Kürdəmir (9 ton 832 kq) və Ağdam (8 ton 31 kq), rayonları öndə gedir”.

Qeyd edilib ki, yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır: “Bu ildən yaş barama tədarükünə görə dövlət tərəfindən verilən subsidiyanın məbləği və məhsulun alış qiyməti artırılıb. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır. Bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 11 min 130 qutu ipəkqurdu toxumu paylanıb. Cari ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarükü aparılır”.

Mission News Theme by Compete Themes.