Press "Enter" to skip to content

İran xalqlarının üsyanı fars-molla rejiminin çöküşünü sürətləndirir

Mahmud Bilgin

Mahmud Bilgin: Daxildəki iqtisadi böhran və xarici faktorlar da rejimin çöküşünü labüd edir

BAYRAQDAR MEDİA – “Artıq bir neçə aydır ki, İranda etirazlar davam edir. Demək olar ki, hazırda İranda yaşayan bütün xalqlar fars-molla rejiminin faşist mahiyyətinə və qanlı idarəçiliyinə qarşı çıxırlar. Bu isə rejimi qəzəbləndirir. Hazırda rejimin cəza dəstələri xalqa divan tuturlar”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.

Onun sözlərinə görə, bu cür davranış nəinki eirazçıları qorxudur, əksinə, mövcud rejimin çöküşünü daha da tezləşdirir: “Bəzən insanlar düşünür ki, İran rejimi 2019-cu ildəki kimi davranıb, özünü qoruya biləcək. Xatırladım ki, həmin vaxt rejim 3 günün içində 3 mindən çox insanı güllələyib öldürdü. Fars şovinist rejiminin qəddar davranışının nəticəsi olaraq böyük fəlakət yaşandı. Amma bu dəfə şərtlər dəyişib. Düzdür, indi rejim tərəfindən daha çox insan öldürülüb. Lakin eyni zamanda sadə vətəndaşlar da rejim təmsilçilərinə qarşı mübarizəni ən sərt şəkildə davam etdirirlər. İndiyə kimi 70-dən çox rejim təmsilçisi sadə insanlar tərəfindən öldürülb. Bu isə reallığı ortaya qoyur. Reallıq odur ki, millət artıq bu qaniçən rejimdən qorxmur, hər kəs öz etirazını bildirir, İran rejiminin silahlı qüvvələrinə qarşı çıxır. Ən əsası gənclər, hətta uşaqlar belə rejimə qarşı dirəniş göstərirlər”.

M.Bilgin hadisələrin ilk günündən fars-molla rejiminin əl atdığı bir iyrənc plan barədə də məlumat verib: “İran rejimi çalışırdı ki, ilk günlər bu etirazları etnik məsələ kimi qabardıb türkləri daha çox qırsın. Xatırlayırsınızsa, hətta Şiraz məbədinə hücum edildi, insanlar öldürüldü. Bu məsələdə İranın molla rejiminin, təhlükəsizlik qüvvələrinin birbaşa əli var idi. Məqsəd bu hadisələrdə günahı Azərbaycanın üzərinə atmaq idi. Lakin bu planları iflasa məhkum oldu. Bu zaman da günahı Türkiyənin, bu da alınmayanda Ərəbistanın üzərinə atmağa cəhd etdilər. Yəni molla rejimi daxili gərginlikdən, xalqın qəzəbindən yayınmaq məqsədi ilə xalqlar arasında qarşıdurma yaratmaq istəyir, süni şəkildə xarici düşmən obrazı yaratmağa cəhd edirdi. Lakin bu çirkin planları baş tutmadı. Molla rejiminin kürdlərlə azərbaycanlıların arasında qarşıdurma yaratmaq cəhdi də iflasa uğradı. Əksinə, bu, bumeranq effekti verdi. Son nəticədə bu gün İrandakı bütün xalqlar fars-molla rejiminə qarşı birləşiblər. Bütün bunlar isə onu deməyə əsas verir ki, proseslər gec-tez İranın mövcud rejiminin çökməsi ilə nəticələnəcək. Yəni İrandakı bütün xalqların üsyanı fars-molla rejiminin çokməsini sürətləndirir” .

M.Bilgin vurğulayıb ki, hazırda daxildəki iqtisadi böhran və xarici faktorlar da rejimin çöküşünü labüd edir: “Baxın, bu gün İranın milli valyutası dollar qarşısında dəyər itirib. İran iqtisadiyyatı çöküb. Rejim insanların ehtiyaclarını qarşılaya bilmir. Öz növbəsində böyük dövlətlər, o cümlədən ABŞ, Avropa Birliyinə daxil olan aparıcı ölkələr, Pakistan İran rejiminə qarşıdır. Bircə Çin qalmışdı, o da ərəblərlə qaz, enerji məsələsi ilə bağlı müqavilələr bağlayıb, birgə işlər görməyə başlayıb. Beləliklə, İran rejimi indi dünyada demək olar ki, lap tək qalıb. İran bu gün dünyadan təcrid olunub. Daxildə isə millət rejimi sevmir, etirazlar davam edir. Bu baxımdan mövcud İran rejiminin çöküşü qaçılmazdır”.

Mission News Theme by Compete Themes.