Press "Enter" to skip to content

Güney Quzeylə qucaqlaşacaq və Bütöv Azərbaycan qurulacaq – VİDEO

Araz Elsəs

Son yeniləmə: 6 Yanvar 2023 16:02

Araz Elsəs: Güneydəki soydaşlarımız İran zülmündən, əsarətindən xilas olaraq Quzeydəki dövləti ilə qucaqlaşacaq və Bütöv Azərbaycan yaranacaq

BAYRAQDAR MEDİA – “İranda baş verənlər bizim xalqımız üçün, Güney Azərbaycan üçün bir fürsətdir. Tarixi və qızıl fürsət. Biz bu fürsəti əldən verməməliyik”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında hazırda İsveçdə yaşayan Güneyli tanınmış ozan Araz Elsəs deyib.

O, qeyd edib ki, bu gün Güneydəki azadlıq hərəkatının əsas qüvvəsi olan gənclərin çoxu Güney Azərbaycanın bütünlüklə İran əsarətindən qurtulmasının tərəfdarıdır: “Bu vacib və həssas məqamda yanılmağa haqqımız yoxdur. Əmin olun ki, əl-ələ verib bu yolda doğru-düzgün addımlayaraq millətimizi azadlığa qovuşduracağıq”.

“Araz yurdumuzu, millətimizi birliyə çağırır” – VİDEO

Araz Elsəs Güney Azərbaycanın azadlığı ilə bağlı vacib bir məqama da toxunub. Daha doğrusu, Güney Azərbaycan Cümhuriyyəti ideyasına özünəməxsus yanaşma sərgiləyib: “Mən burada vacib bir məqama toxunmaq istəyirəm. Birmənalı olaraq bildirim ki, bəzilərindən fərqli olaraq “Güney Azərbaycan Cümhuriyyətinin qurulması” ideyasını qəbul etmirəm. Yəqin deyəcəksiniz ki, niyə? Cavabını deyim. Hesab edirəm ki, “İran federallaşacaq və biz də azadlıq əldə edəcəyik” fikri kimi, “Güney Azərbaycan Cümhuriyyəti qurulsun” fikri də tamamilə yanlışdır. Çünki bu gün Quzeydə bizim dövlətimiz, bayrağımız, cümhuriyyətimiz var. Sadəcə, Güneydəki soydaşlarımız İran zülmündən, əsarətindən xilas olaraq Quzeydəki dövləti ilə qucaqlaşacaq və Bütöv Azərbaycan qurulacaq”.

Güneyli ozan vurğulayıb ki, bizim İrandakı başqa millətlər kimi yeni bir dövlət qurmaq, hər şeyi yenidən yaratmaq kimi dərdimiz yoxdur: “Dediyim kimi, dövlətimiz də, bayrağımız da var. Bayrağımıza alternativ bayraq yaratmaq çox anlamsız bir şeydir. Bunun arxasınca gedən bəzi yoldaşlarımız, dostlarımız da bunu düşünüb bir an öncə Azərbaycan bayrağı altında birləşməlidirlər. Bizim bayrağımız birdir. Bir millətin bir bayrağı, bir dövləti olar. Sadəcə dövlətimizlə, Quzeylə qucaqlaşmağa hazır olmalıyıq. Millətimizin ruhunu bütövlük üstündə kökləməliyik. Bizim üçün ən uğurlu seçim budur. Bizim yegənə qurtuluşumuz bütövlüyümüzdədir”.

Mission News Theme by Compete Themes.