Press "Enter" to skip to content

Sumqayıtda içməli sudan sayğacdankənar istifadə halları aşkarlanıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC

Son yeniləmə: 2 Fevral 2023 15:52

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində Sumqayıt şəhərində içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 2-də “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bir vətəndaşa məxsus donuzçuluq təsərrüfatının su təchizatıözbaşına çəkilmiş xətt vasitəsilə aparılır: “Təsərrüfat sahibi texniki şərt almadan və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlamadan sudan bolluca istifadə edir. Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən və kafe kimi fəaliyyət göstərən 2 obyektin də su təchizatı özbaşına çəkilmiş xətt vasitəsilə aparılır. Obyektlərin sahibləri yaxınlıqda yerləşən binanın zirzəmisindən su götürürmüş”.

Məlumata görə, nəzarət tədbirləri zamanı bir sıra fərdi yaşayış evlərinin də içməli su şəbəkəsinə qanunsuz qoşulduğu aşkarlanıb: “Fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxslər yaxınlıqdan keçən su xəttindən bir neçə yaşayış evinə qeyri-qanuni su xətti çəkiblər. Aşkarlanmış qeyri-qanuni xətlər və birləşmələr ləğv edilib. Fərdi yaşayış evlərinin və obyektlərin sahiblərinə su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumatlar verilərək bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək”.

Mission News Theme by Compete Themes.