BAYRAQDAR MEDİA – İyulun 7-də “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Gənclər Fondunun dəstəyi, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin tərəfdaşlığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) növbəti dəfə təşkil edilən “Viki-mən 2” layihəsinin bağlanış tədbiri keçirilib.
Tədbirdə öncə çıxış edən MEK-in baş direktoru, Prof. Məmməd Əliyev Vikipediyada fəaliyyətdən danışıb. Bildirib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Vikipediya mühüm rola malikdir. Çıxışı zamanı Vikipediyada fəaliyyət göstərməyə marağı olan gənclərə üz tutan baş direktor onlara dil biliklərini təkmilləşdirməyi tövsiyyə edib. Çıxışının sonunda professor layihəyə dəstək olan təşkilatlara təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov “Viki-mən 2” layihəsinin ikincisinin başa çatdığını deyib. Sözügedən layihəyə bu il də çox maraq olduğunu deyən sədr bildirib ki, bu kimi istiqamətlərdə layihələrin keçirilməsində gənclər təşkilatlarının üzərinə böyük yük düşür. O, həmin təşkilatların Vikipediyaya marağı olan gəncləri aşkara çıxarıb, onları prosesə cəlb etməli olduqlarını dilə gətirib.
Çıxış edənlər – Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Elnur Eltürk layihədə iştirak etmiş gənclərə bundan sonrakı fəaliyyətlərində uğurlar diləyiblər.
Sonda layihədə iştirak etmiş gənclərə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, bir ay davam edən layihənin əsas məqsədi gənclərə Vikipediya haqqında ətraflı məlumat vermək, onlara virtual ensiklopediyanın iş prinsiplərini, məqalələrin yaradılması və məlumatların yerləşdirilməsi qaydalarını praktiki şəkildə öyrətmək, eləcə də Vikipediyada etibarlılıq səviyyəsi yüksək olan məqalə və məlumatların sayını artırmaq olub. Layihəyə 150-dən çox gənc müraciət edib, onlardan 50 nəfər müsahibəyə dəvət alıb və 20 nəfər müsahibə mərhələsini uğurla başa vuraraq layihədə iştirak haqqı qazanıb. 15 nəfər gənc təlimləri və vörkşopları müvəffəqiyyətlə başa vurub.
Layihənin tərəfdaşlarla birlikdə gələcəkdə daha geniş formatda keçirilməsi və daha çox gəncin əhatə olunması nəzərdə tutulur.





