Press "Enter" to skip to content

Bu gün Onu hörmət və minnətlə anırıq

Azər HƏSRƏT

Son yeniləmə: 12 Dekabr 2023 10:13

BAYRAQDAR MEDİA – Yadımdadır, həmkarlarımla bir Avropa səfərinə çıxmışdıq. “Ayna”-“Zerkalo” qəzetinin baş redaktoru mərhum Rauf Talışinski, “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, “Avrasiya” Fondunun hüquqşünası Fuad Süleymanov və şəxsim 2001-ci ilin noyabrında maraqlı bir səfər üçün Avropada idik. O səfər çərçivəsində Avropa Şurası, NATO, Beynəlxalq Jurnalistlər Federasiyası, Dünya Vəhşi Təbiət Fondu və s. qurumlarda olduq, fikir mübadiləsi apardıq, maraqlı məlumatlar aldıq. Amma sözüm onda deyil.

Həmin səfərdə olduğumuz vaxt Bakıdan xəbər gəldi ki, Yeni Azərbaycan Partiyası qurultay keçirib. Orada üç aparıcı qəzet – “Azadlıq”, “Yeni Müsavat”“Hürriyyət”ə ölüm hökmü çıxarılıb. Açığı, medianın önündə gedən şəxslər olaraq bizim Bakıda yoxluğumuz bu məsələyə lazımi reaksiyanı təşkil etməkdə çətinlik yaradırdı. Ona görə də qərara gəldik ki, Bakıya dönən kimi geniş çaplı etiraz aksiyalarına başlayaq…

Bakıya gəlincə dediyimiz kimi də etdik. Medianın əsas simalarını səfərbər edib etiraz aksiyalarına başladıq. Çox gərgin bir ortam yaranmışdı. Toplantılar keçirir, müzakirələr aparır, bəyanatlar verirdik. Ovaxtkı Bakı Mətbuat Klubunda bir an belə boşluq yox idi.

O da yadımdadır ki, bizim radikal şəkildə hərəkata başlamağımız hakimiyyəti narahat etmişdi. Qərarlı olduğumuzu onlar da yaxşı görürdülər. Ona görə də məsələləri sakitcə həll etməyə üstünlük verdilər…

…İclas zamanı Arif Əliyevə bir zəng gəldi. Prezident Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov idi. Deyirdi ki, cənab Prezidentin özü şəxsən sizi dinləməyə hazırdır.

…Müzakirə apardıq və təklif etdik ki, etirazlarımızı Onun özü ilə bölüşməyə hazırıq. Qərar verildi. O da bildirildi ki, Prezidentin hüzurunda çıxış edəcək şəxsləri özümüz müəyyən edəcəyik.

…Cavab gəldi ki, Prezident bu şərtləri də qəbul edir. Buyurun, gəlin.

Bu söhbətdən sonra qərara gəldik ki, Prezidentlə görüşə gedəcək heyətdən dörd nəfər çıxış etsin. Arif Əliyev, “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev, Rauf Arifoğlu və mən – Azər Həsrət. Məlumat Prezident Aparatına çatdırıldı və heç bir problemsiz qəbul edildi…

Ulu Öndər Heydər Əliyev
Ulu Öndər Heydər Əliyev

…Biz Onun qəbulunda olanda əlavə olaraq hakimiyyət yönlü və rəsmi media rəhbərləri də dəvət edilmişdi. Onlar da çıxış edirdilər. Amma əsas diqqət bizim üzərimizdə idi.

…Adı keçən həmkarlarımız da çıxış etdilər. O, onları diqqətlə dinlədi. Arada Rauf Arifoğlunun Onun qardaşı ilə bağlı dedikləri və aldığı reaksiya isə illərdir dillər əzbəridir.

…Düz üç saat O, bizi dinlədi. Arada özü də fikirlərini bildirdi. Azərbaycan mediasının bütün problemləri tam çılpaq şəkildə dilə gətirildi o görüşdə. Ölkənin birinci şəxsinin hüzurunda hakimiyyət tənqid edildi. O isə təmkinlə, özünə xas müdrikliklə bütün bunları dinlədi.

…Üçüncü saatın sonunda qayıtdı ki, “artıq üç saatdır müzakirə edirik, daha yekunlaşdırmaq lazımdır”. Bu sözlər səslənəndə mənə söz verilməmişdi. Halbuki şərtimiz vardı, adım da əvvəlcədən ona göndərilmişdi…

Həmin görüşdə Onunla tam üzbəüz – masanın əks başında oturmuşdum. Dostlar demişdi ki, Onun üzünə baxma. Amma mənə – ovaxtın dəli-dolu gəncinə bu böyük adamın gözünün içinə baxmaq çox maraqlı idi. Ona görə də ara-sıra düz onun gözlərinin içinə baxırdım…

Görüşü yekunlaşdırmaq istəyəndə masanın o başından səsləndim ki, “cənab Prezident, mən qaldım axı”.

Qayıtdı ki, “kimdir orda?”

Dedim ki, “mən, Azər Həsrət”.

“Buyur”, dedi və tribunaya çıxdım.

…O da yadımdadır ki, həmin günlərdə “Avropa” qəzetinin başı dərddə idi. İri çaplı korrupsioner bir məmur həmin qəzetə göz verib, işıq vermirdi. Bunu açıq şəkildə Onun diqqətinə çatdırdım…

Görüş bitdi. Bizimlə olan bu görüşü AzTV tam şəkildə efirə vermişdi onda. Rəsmi dövlət qəzetləri də bizim çıxışlarımıza heç bir müdaxilə etmədən yayımlamışdı. Dilə gətirilən problemlər isə məhz Onun tapşırığı ilə həll edilmişdi. Nəticədə tənqidçi media ilə dövlət arasında münasibətlər normallaşmış, yeni perspektivlər yaranmışdı…

Amma biz radikallar elan etdiyimiz etiraz mitinqindən də imtina etmədik onda. Bunu görəndə Aparatdan xəbər gəldi ki, cənab Prezident artıq sizi dinlədi, mitinqə gərək qalmadı. Biz də dedik ki, qərarı özümüz veririk, qarışmayın. Onda da dedilər ki, bəlkə sizə texniki yardım edək, mitinqi rahat keçirə biləsiniz? Bunu da nəzakətlə rədd elədik və bildirdik ki, bizim işimizə qarışmayın.

Qarışmadılar. Ovaxtkı “Qələbə” meydanında böyük bir mitinq təşkil etdik. Siyasi liderlərin heç biri tribunaya alınmadı. Hamısı gəlib mitinq iştirakçıları arasında yerini tutdu. Mitinqin idarə edilməsini də mənə tapşırdılar.

…Dekabrın ilk günləri idi. Hava mülayim olsa da günorta saat ikidə mitinqin başlamasıyla çox güclü bir qar da başladı. Soyuq oldu. Mitinqin açılışını etmək üçün dərindən nəfəs alıb sözə başlamaq istəyirdim ki, boğazıma dolan soyuq hava səsimi batırdı. Amma buna baxmayaraq boğuq-yoğun və daha təsirli səslə mitinqi idarə edə bildim…

Bu yazdıqlarım bizim Onunla təmaslarımızdan, onun mediaya münasibətindən sadəcə bir epizoddur. O, böyük Lider idi. Heç vaxt qəsdi-qərəzlik etməzdi. Şəxsini belə tənqid edənlərlə çox mülayim danışardı. Şəxsən özüm ovaxtlar “Azadlıq” qəzetində köşə yazarı idim. Az qala bütün köşələrimdə onu və başçılıq etdiyi hakimiyyəti ən sərt şəkildə tənqid edərdim. Dostumuz Osman Gündüz o günlərdə deyərdi ki, “yenə də “Azadlıq” qəzetindən qan tökülür. Qəzeti əldə tutub sallayanda sənin yazıların qan-qan deyir”…

Biz o günləri yaşadıq, gördük, iştirakçısı olduq. Tənqid etdik, amma dövlətimizin arxasında durmaqdan da çəkinmədik. Nə Qərbdə, nə də Şərqdə kimsə bizi dövlətimizlə üz-üzə qoya, dövlətimizə qarşı işlədə bilmədi. O da bunu yaxşı görürdü, yaxşı anlayırdı. Ona görə də tənqidlərimizə, hətta radikallığımıza belə təmkinlə yanaşırdı…

Onun haqqında yazdım bu yazını. Böyük siyasət adamı, Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev haqqında. Haqq dünyasındadır, amma illər keçdikcə Onun nə qədər böyük Lider olduğunu daha çox dərk edirik.

Bu gün Onun anım günüdür. Əbədiyyətə yürüyüşünə tuş gələn günləri də, həmin günlərin siyasi ovqatını da yaxşı xatırlayan birisi kimi deyirəm, məkanın cənnət olsun, Böyük Lider. Hörmət və minnətlə anırıq. Əsas odur ki, gözün arxada qalmayıb. Sənin layiqli davamçın, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağı altında hərbi parad da keçirib. Əminik ki, indi Sənin ruhun şaddır. Elə biz də çox şadıq ki, belə günlərin iştirakçısı və şahidi oluruq.

Sonda: “Avropa” qəzetini küncə sıxan həmin o məmur işdən çıxarıldı. Bu günə kimi o adamın öldü-qaldısı haqqında heç bir xəbərimiz yoxdur. Adam ortalıqdan yox oldu yəni…

Mission News Theme by Compete Themes.