Press "Enter" to skip to content

Laçında yetişdirilən balıqlar satışa çıxarılıb

Laçın balıq təsərrüfatında

BAYRAQDAR MEDİA – Fevralın 8-dən “Həkəri Balıq Təsərrüfatında” ilk dəfə olaraq əlvan farellərin satışına başlanılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Şərqi Zəngəzur İqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, 2023-cü ilin iyul ayından təsərrüfata körpə farel və nərə balıqları gətirilib: “Ən tez yetişən farel balığı olduğu üçün bu ilin fevral ayından satışa çıxarılıb. İlkin başlanğıcda fevral-mart aylarında 700 kq əlvan farel balığı satışa çıxarılıb. Artıq müştərilər 20 kq-dan çox balığı alıb.

“Müəssisədə iki gün davam edən çeşidlənmədən sonra balıqlar çəkisinə görə ayrılıb. İki növdə – qızılı və göy qursağı rəngdə olan 200, 250, 300 və 350 qramlıq əlvan farellər müştərilərə təklif olunur. Restoran və digər iaşə obyektləri əsasən 200-250 qramlıq balıqlara üstünlük verir. Əhalinin isə nisbətən böyük balıqlara tələbatı olduğuna görə, onlar üçün 300-350 qramlıq farellər təklif olunur.

“Aprel-may aylarından cökə balıqlarının satışa çıxarılması da planlaşdırılır. Çəkisi 600-700 qram olan erkək cökə balıqları 1 kq-a çatanda satışı təşkil olunacaq”.

Xidmətdən verilən məlumata görə, mütəxəssislər paytaxt bazarına çıxmağı tez hesab edir: “Laçın balığına tələbat çox yüksəkdir. Böyük bazarlara ən azı bir-iki ton məhsulla çıxmaq lazımdır. Təbii ki, başqa şəhərlərdə bazarı təşkil etmək üçün ilk növbədə müxtəlif satıcılarla danışıqlar aparılmalıdır. Daha sonra Laçında istehsal olunan balıqlarla ətraf bazarları təmin etmək olar.

“Qiymət balıqların növünə görə fərqlənir. Satışda hazır nərələr də var. Çəkisi 1-1,2 kq-dan çox olan nərə balıqları təmizlənərək donduruculara yığılıb. “Həkəri Balıq Təsərrüfatı”nda istehsal olunan məhsulu saxlamaq üçün ümumilikdə 10 tonluq saxlama kameraları var.

“Laçın iqliminə görə sərt olduğu üçün balıqların yetişmə prosesi gecikir. Satışa başlandığı üçün 3 min körpə balıq sifariş edilib. Növbəti dəfə 180 qramlıq balıqlar satışa çıxarılacaq. Bundan sonrakı mərhələdə hər ay balıq satışının təşkil olunması nəzərdə tutulub”.

Mission News Theme by Compete Themes.