Press "Enter" to skip to content

Jurnalistika fakültəsindəki bir görüşün təəssüratları

Fikir mübadiləsi zamanı

BAYRAQDAR MEDİA – Yadımdadır, illər öncə Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin ağsaqqal professorlarından biri təklif etmişdi ki, özəlliklə beynəlxalqiş birliyi və yeni texnologiyalarla bağlı təcrübəmi tələbələrlə bölüşmək üçün dərs saatı götürüm. Amma xarakterim və işlərimin çoxluğundan bu təklifi qəbul edə bilməmişdim. Demişdim ki, biz tələbələrlə görüşüb fikir mübadiləsi apara bilərik.

Sonra baş qarışdı, ardından da pandemiya başladı və bənzər təşəbbüslər ertələndi…

Bu yaxınlarda fakültənin dekanı, Mətbuat Şurası sədrinin müavini Vüqar Zifəroğlu bizləri tələbələrlə görüşlərə həvəsləndirdi. Təklif etdi ki, MŞ İdarə Heyətinin üzvləri sırasıyla tələbələrlə görüşsünlər, təcrübələrini paylaşsınlar.

Bir də bu arada ingilisdilli mediadakı həmkarlarımızdan biri bu yöndə jurnalist çatışmazlığından şikayətlənən paylaşım etdi. Biz də o paylaşımı bəyəndik. Çünki doğrudan da xarici dillərdə yeni nəsil jurnalistlərin yetişməsinə ciddi gərək var.

Beləcə Vüqar müəllimə təklif etdim ki, mən də MŞ İH üzvü olaraq tələbələrlə görüşə hazıram, amma ingilis və rus dili bölməsi tələbələri ilə görüşmək istərdim. Təbii ki, fikir mübadiləmizi o dillərdə aparmaq şərti ilə…

Təklifim qəbul edildi, vədələşdik və aprelin 3-də fakültənin ingilis dili bölməsinin tələbələri ilə 1 dərs saatı çərçivəsində görüşə yollandıq.

Jurnalistika fakültəsində ingilis dilində görüş-müzakirə

Bu görüşə keçməzdən öncə onu deyim ki, ilk dəfə olması baxımından təşəbbüsümüzün çətinliklə qarşılaşa biləcəyini ehtimal edirdim. Ona görə ki, Azərbaycanlı tələbələrlə ingilis dilində tam bir dərs müddətində fikir mübadiləsi aparmaq ilk təcrübə olması baxımından bərabərində çətinliklər də gətirə bilərdi…

Amma yanıldım. Yaxşı mənada.

Vüqar müəllimin çayını içib tələbələrlə görüşə keçdik. Əsasən 1-ci kursun tələbələri idi. Yəni işimizin daha çətin olacağını düşünmək üçün əsas var idi.

Amma yenə də yanıldım. Əlbəttə, yaxşı mənada…

Vüqar müəllimin haqqımda qısa təqdimatından sonra söz mənə verildi. Təqdimatla bağlı əlavə fikirlərimi dedim, gəncləri açıq danışmağa, tənqidə, səsləndirəcəyim fikirləri qeydə alıb yaymağa dəvət etdim. Elə ilk andan onları azad fikir mübadiləsinə dəvət etməyim öz bəhrəsini verdi.

Artıq bir neçə dəqiqə sonra gənclər məni sual yağışına tutmuşdular. Özü də ingilis dilində. Çünki şərtimiz belə idi: yalnız ingilis dilində danışmalıyıq.

Nəzərdə tutulan vaxt ərzində şəxsi təcrübəmi paylaşdım, ayrı-ayrı suallara cavablar verdim, gəncləri maraqlandıran səfər və görüşlərim, jurnalistikada olduğum 30 ilə yaxın müddətdə qazandığım uğurlardan danışdım.

Biz söhbət etdikcə gənclərin üzünə baxırdım, onların reaksiyasını öyrənməyə çalışırdım. Qısa müddət sonra birmənalı əmin oldum ki, onlarla paylaşdığım bilgi və təcrübə gənclər üçün yeniliklərlə doludur. Təbii ki, jurnalistikanın ilk mərhələsində olan gənclərin 30 illik təcrübə sahibi, 40-dək ölkəni bəzən dəfələrlə gəzmiş, görmüş, dünyanın aparıcı media qurumlarının redaksiyalarında olmuş, ən məşhur jurnalistlərlə mükaliməyə girmiş birinin danışacaqları maraqlı olmalıydı. Oldu da.

Beləcə suallara cavab verdik, fikir mübadiləsi apardıq.

Söhbət əsnasında qardaş Türkiyə mediası, ABŞ-nin ən məşhur media qurumlarından olan CNN, “The New York Times”, “Associated Press”, Almaniyanın “Süddeutche Zeitung”, Hindistanın “Hindustan Times”, Tailandın “The Nation” nəşrləri haqqında gördüklərimi, bildiklərimi gənclərə çatdırdım. Danışdıqca hiss edirdim ki, bu, onlar üçün olduqca maraqlıdır.

Bir də onda ayıldıq ki, bir dərs saatı üçün nəzərdə tutduğumuz görüş 2 dərs saatını əhatə edib. Bəli, saat 12-də başlayıb 12.45-də bitirməli idik, amma yalnız 13.30-da bitirə bildik.

Gənclərlə xatirə fotosu
Gənclərlə xatirə fotosu

Əlbəttə, belə bir görüşdə olmaq, gənclərlə təcrübə paylaşmaq şəxsən mənim üçün olduqca xoşdur. Çünki biz artıq yerimizi onlara verməyə hazırlaşmalıyıq. Gənclər də bizim yerimizi tutmağa hazır olmalıdır. Onları kim hazırlamalıdır bəs? Təbii ki, təhsil aldıqları ali məktəblə yanaşı bizim kimi təcrübə sahibləri…

Ümumi olaraq demək istərdim ki, bu görüşdən zövq aldım. Sevindim ki, gələcəyə köklənən, özünü məhz jurnalistika sahəsində realizə edərək zirvələr fəth etməyə həvəsli gənc nəsil yetişir.

Həm də ona sevinirəm ki, belə gənclərin azad və sərbəst şəkildə özünü yetişdirə bilməsi üçün Bakı Dövlət Universiteti, onun Jurnalistika fakültəsi bütün imkanları yaradıb. Yəni gənclərin özlərini yetişdirib cəmiyyətə keyfiyyətli kadr kimi təqdim edə bilməsi üçün hər cür şərait var. Bircə qalır bu şərait və imkanlardan yararlanıb yaxşı kadr kimi yetişmək, bu da gənclərin öz vəzifəsidir.

Bizim üzərimizə düşənə gəlincə, onu hər zamankı kimi yerinə yetirməyə hazırıq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.