Press "Enter" to skip to content

Pekində Azərbaycan kitabına həsr olunmuş müzakirə keçirilib

Pekində Azərbaycan kitabına həsr olunmuş müzakirə keçirilib

BAYRAQDAR MEDİA – İyunun 19-da Pekin Beynəlxalq Kitab Sərgisinin təqdimat salonunda Azərbaycan kitab mədəniyyətinə həsr olunmuş “Sözün İpək Yolu: Azərbaycan Kitab Ekosistemi” adlı panel müzakirəsi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbir Azərbaycan ədəbiyyatının beynəlxalq təqdimatı, nəşriyyat potensialı və Çin ilə mədəni əməkdaşlıq imkanlarına dair dəyərli fikir mübadiləsi ilə yadda qalıb. Paneldə Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Elçin Hüseynbəyli, şair və esseist Qismət, “Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, “Təhsil” nəşriyyatının direktoru Tural Axundov, eləcə də Çin Şeiriyyat İnstitutunun katibi, şair Vanq Şan iştirak ediblər”.

Ardınca xəbərdə, “müzakirə zamanı Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol, müasir dövrdə kitabların nəşrindəki dinamika, ədəbi tərcümələrin rolu və gənc oxucu auditoriyasına çıxış imkanları vurğulanıb. Spikerlər Azərbaycanın ədəbi irsinin Çində tanıdılması və qarşılıqlı nəşr təşəbbüslərinin genişləndirilməsi baxımından bu cür görüşlərin əhəmiyyətini önə çəkiblər. Tədbirdə həmçinin Azərbaycan və Çin xalqlarının dostluğunda, mədəniyyətlərarası dialoqda kitabın körpü roluna toxunulub, gələcək əməkdaşlıqlara dair təkliflər səsləndirilib. Panelin sonunda iştirakçılar auditoriyanın suallarını cavablandırıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar” deyə bildirilir.

Qeyd edək ki, tədbir Mədəniyyət Nazirliyi və Azərbaycanın Çindəki Səfirliyinin birgə təşkilatçılığı ilə Pekin Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirilib.

Mission News Theme by Compete Themes.