BAYRAQDAR MEDİA – “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Qəbələ rayonunun bir qrup ailələrinin nümayəndələri ilə “Regionlarda dayanıqlı ekoturizmin inkişafına dəstək” mövzusunda ictimai müzakirə keçirilib.
Bu barədə İctimai Birlikdən məlumat verilib.
Məlumata görə, tədbir Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində həyata keçirilib: “Tədbiri giriş sözü ilə açan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova reqionlarda ekoturizmin inkişafı və ətraf mühitin qorunması ilə bağlı geniş məlumat verdi. Onun sözlərinə görə, son illər insanlar arasında eko turizmə maraq daha da artıb və yaşadığımız qlobal iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə dönəmində ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunması vacibdir”.
Sonra Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Reyhan Məmmədova çıxış edərək bildirib ki, Qəbələ rayonu turistik bir bölgədir: “Belə layihələrin keçirilməsi həqiqətən çox vacibdir”.
Tədbirdə çıxış edən peşə mərkəzinin turizim sahəsi üzrə müəllimi Nailə Gülməmmədova turizmin inkişafı ilə bağlı geniş məlumat verib: “Turizimin bir qolu olan eko turizim sahəni inkişaf etdirmək üçün Qəbələ rayonunda da əsas məsələlərdən biridir. Eko turizmin buir qolu olan kənd turizmi fərdi münasibətlərə üstünlük verən və bölgəni və onun mədəniyyətini öyrənmək istəyən turistləri cəlb edən turizm növüdür. Kənd turizmi yerli əl sənətlərinin itməsinin qarşısını almağa kömək edir və şəhərlərə köçü minimuma endirərək kənd mədəniyyətinin davamlılığını təmin edir. Dəyişən turizm meyllərinin qarşıdakı illərdə kənd yerlərinə marağı daha da artıracağı və kəndlərin də ən azı sahilyanı ərazilər qədər məşhur turizm məkanlarına çevriləcəyi gözlənilir”.
İştirakçı Şəmsiyyə Alışanova eko və kənd turizmin inkişafına ehtiyac olduğunu və insanlar arasında düzgün maarifləndirmə işlərinin aparılmasını vurğulayıb.





