BAYRAQDAR MEDİA – Türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsi, gənclər arasında əlaqələrin inkişaf etdirilməsi və ortaq dəyərlərin təşviqi məqsədilə “Türk Dünyası Əbədi Birlikdə: Gənclərlə Açıq Dialoq” adlı beynəlxalq onlayn seminar keçirilib.
Seminarda türk dünyasının müxtəlif sahələrini təmsil edən tanınmış ictimai xadimlər, ziyalılar və rəhbər şəxslər iştirak ediblər.
Seminarın qonaqları sırasında Özbəkistanın keçmiş deputatı və tikinti sahəsində dövlət layihələri qrupunun rəhbəri Azizbek Omonov, İpək Yolu İctimai Diplomatiyasının rəhbəri və Dünya Qarapapaq Türkləri Şurasının sədri Dr. Seyfullah Türksoy, İğdır Azərbaycan Evinin rəhbəri, yazıçı və şair Ziya Zakir Acar, Kərkük Mədəniyyət Dərnəyinin qurucusu və sədri Dr. Şemsettin Kuzeçi, eləcə də “Atavatan Türkmenistan” jurnalının baş redaktoru Dr. Dovran Orazgylyjov yer alıblar.
Seminarın moderatoru “Əbədi Birlik” Gənclər İctimai Birliyinin qurucusu və sədri Şahin Əliyev olub.
Tədbir çərçivəsində türk dünyasının ortaq tarixi, mədəni irsi, xalqlar arasında qardaşlıq münasibətləri və gənclərin türk dünyasının gələcəyindəki rolu ətrafında fikir mübadiləsi aparılıb.
Seminar zamanı Şimali Kipr Parlamentinin keçmiş sədri və Lefkoşa millət vəkili Zorlu Töre tərəfindən səsləndirilən çıxış da videoformatda iştirakçılara təqdim olunub.
Tədbir türk dünyasının müxtəlif coğrafiyalarında yaşayan xalqlar arasında dialoqun inkişaf etdirilməsi, qarşılıqlı anlaşmanın gücləndirilməsi və ortaq dəyərlər ətrafında birliyin təşviqi baxımından əhəmiyyət daşıyıb.






İlk şərhi yaza bilərsiniz