BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli filosof-alim, Əməkdar elm xadimi, akademik Aslan Aslanovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “sərgidə alimin zəngin elmi və ədəbi irsi, fəlsəfi-estetik düşüncələri, fundamental tədqiqatları, bədii yaradıcılığı, eləcə də dünya ədəbiyyatı və fəlsəfəsindən Azərbaycan dilinə etdiyi tərcümələr nümayiş olunur. Burada A.Aslanovun Aristotelin “Poetika”, Deni Didronun “Qardaşım oğlu Ramo”, Corc Bayronun “Gavur”, Aleksandr Tvardovskinin “Vasiliy Tyorkin” kimi dünya ədəbiyyatının və fəlsəfi-estetik fikrinin dəyərli nümunələrinin Azərbaycan dilinə tərcümələri yer alıb. Bu əsərlər alimin dünya ədəbi-fəlsəfi irsinin Azərbaycan oxucusuna çatdırılması istiqamətindəki mühüm fəaliyyətini əks etdirir”.
Sonra xəbərdə, “sərgidə, həmçinin alimin estetika sahəsində apardığı elmi araşdırmaların nəticəsi olan “İncəsənət və tərbiyə”, “Estetika aləmində” və digər elmi əsərləri təqdim olunur. O cümlədən “Səni düşünürəm” (1957), “Qızlar və bənövşələr” (1961), “Nəğməli günlərim” (1985) adlı şeir kitabları da yer alıb. Akademikin çoxşaxəli yaradıcılığını, Azərbaycan fəlsəfi-estetik fikrinin inkişafına verdiyi töhfələrini əks etdirən nəşrlərlə MEK-in saytı vasitəsilə elektron şəkildə də tanış olmaq mümkündür” deyə vurğulanır.
Bildirək ki, sərgi iki həftə davam edəcək.






İlk şərhi yaza bilərsiniz