Press "Enter" to skip to content

XX yüzil Azərbaycan ədəbiyyatı tarixi çağdaş nəzəri düşüncə axarında

Sözügedən əsər

Vaqif Sultanlı
Bakı Dövlət Universiteti

BAYRAQDAR MEDİA – Son illərdə XX yüzilin sosial-siyasi və ədəbi-kulturoloji mənzərəsi çağdaş elmi yanaşmalar kontekstində daha obyektiv şəkildə dəyərləndirilməyə başlanılmışdır. Bu bağlamda sosialist realizmi mövqeyindən verilmiş əvvəlki qiymətləndirmələr çağdaş nəzəri baxışlarla yenidən şərh edilir. Müstəqillik dövründə milli ədəbiyyatın mövcud mərhələsinə dair ümumi konseptual yanaşma dəyişmiş, onun problemlərinin təhlili üçün geniş nəzəri-elmi diskurs formalaşmışdır. Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə “Qanun” nəşriyyatında yayımlanmış üç cildlik “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” (2024-2025) dərsliyi ötən yüzilin sonlarından başlayaraq çağdaş dönəmədək ədəbi prosesin inkişaf dinamikasını, nəsr, poeziya və dramaturgiyanın əsas mərhələlərini və problemlərini əhatəli şəkildə təqdim edir.

Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq bir əsrdən artıq dövrü əhatə edən ədəbi prosesin hadisə və şəxsiyyətləri sistemli şəkildə təhlil obyektinə çevrilmiş, milli ədəbiyyatda müşahidə olunan yeni meyil və tendensiyalar elmi-nəzəri müstəvidə əsaslandırılmışdır. İndiyədək ötən yüzilin ədəbiyyat tarixi bu səviyyədə, yeni metodoloji meyarlar əsasında, konseptual və ardıcıl şəkildə işlənib hazırlanmamışdır. Təqdim olunan dərslikdə müstəqillik ideologiyası, müasir mərhələdə təhsil sisteminin qlobal elmi-mədəni dəyərlərlə inteqrasiya istiqamətləri nəzərə alınmış, milli ədəbiyyatın zəngin bədii-estetik potensialı, ədəbi-bədii fikrin inkişaf dinamikası, qarşıya çıxan problemlər və əsas təmayüllər geniş və əhatəli şəkildə işıqlandırılmışdır.

Dərsliyin I cildində Azərbaycan ədəbiyyatı tarixinin nisbətən az tədqiq olunmuş 1890-1920-ci illər dövrünün ədəbi hadisələri, istiqamətləri və keyfiyyət özəllikləri yeni elmi-nəzəri prinsiplər və metodoloji yanaşmalar kontekstində araşdırılır. Sözügedən mərhələ uzun sürə sosialist realizmi ideoloji platforması çərçivəsində öyrənilmiş, bu isə ədəbi prosesin çoxşaxəli mahiyyətinin və aparıcı nümayəndələrin yaradıcılığının müasir elmi düşüncə prizmasından obyektiv şəkildə dəyərləndirilməsinə imkan verməmişdir. Dərslikdə təqdim edilən ümumi icmallar, analitik təhlillər və portret oçerklər yeni nəzəri-metodoloji yanaşmanın tətbiqi ilə səciyyələnir.

Bununla yanaşı, dövrün milli hərəkat kontekstində ictimai-siyasi, tarixi və ədəbi-kulturoloji gəlişmələri bütöv şəkildə nəzərdən keçirilir; xalqın siyasi potensialının üzə çıxması, milli şüurun formalaşması prosesində bədii təfəkkürün rolu kimi fundamental məsələlərə yeni nəzəri baxış bucağından yanaşılır. Bu yanaşma, bütövlükdə Azərbaycan ədəbiyyat tarixinin daha obyektiv və hərtərəfli şəkildə dərkinə xidmət edir.

Azərbaycan romantizminin təşəkkülü, onun dünya romantizmi kontekstində yeri və milli xüsusiyyətləri, eləcə də bu ədəbi istiqaməti şərtləndirən ictimai-siyasi və mədəni amillər kompleks şəkildə araşdırılır. Bu kontekstdə romantizmin irəli sürdüyü ideya-estetik prinsiplər – milli şüurun formalaşdırılması, ictimai və milli azadlıq ideyalarının təlqini, vətənçilik, türkçülük və turançılıq problemlərinin bədii təcəssümü diqqət mərkəzində saxlanılır. Eyni zamanda, Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Abdulla Şaiq, Abbas Səhhət, Əbdülxaliq Cənnəti, Abdulla bəy DivanbəyoğluƏlabbas Müznib kimi romantik sənətkarların yaradıcılığı əsasında romantizm poetikasının forma, məzmun, obrazlar sistemi, ideya istiqamətləri, eləcə də ədəbi-estetik prinsipləri çağdaş elmi konsepsiyalar işığında təhlil olunur.

Digər tərəfdən, milli azadlıq hərəkatının təşəkkülündə realist düşüncənin aparıcı amillərdən biri kimi çıxış etməsi məsələsi də diqqətdən kənarda qalmır. Bu çərçivədə ədəbiyyatda cəmiyyət, xalq və vətən taleyinin bədii inikası, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli NəzmiÜzeyir Hacıbəyli kimi sənətkarların əsərlərində cəmiyyət obrazının formalaşma xüsusiyyətləri araşdırılır. Bununla yanaşı, tənqidi realizmin poetikasını müəyyənləşdirən başlıca amillər və realist yazarların yaradıcılığında vətəndaşlıq ideyasının təşəkkülü və inkişaf mərhələləri də sistemli şəkildə elmi izahını tapır.

Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatı – nəsr, dramaturgiya və poeziya sahələrində – milli mənlik və dövlətçilik şüurunun formalaşmasında mühüm ideoloji-estetik platforma kimi çıxış edir. Bu mərhələdə ədəbiyyat yalnız bədii yaradıcılıq sahəsi olmaqla məhdudlaşmır, eyni zamanda ictimai-siyasi düşüncənin formalaşmasına təsir göstərən əsas vasitələrdən birinə çevrilir. Xüsusilə, türkçülük, islamçılıq və çağdaşlıq formulunun öncə bədii təfəkkürdə təşəkkül tapması, daha sonra isə siyasi ideologiya səviyyəsində sistemləşdirilməsi diqqəti cəlb edən başlıca xüsusiyyətlərdəndir. Ədəbiyyat xalqın arzu və ideallarının ifadəçisi və müdafiəçisi funksiyasını yerinə yetirərək milli ideyanın təşəkkülünə xidmət edir, Azərbaycan gerçəkliyini və istiqlal məfkurəsini tərənnüm edən əsərlərin meydana çıxmasına zəmin yaradır.

Bu dövrdə, xüsusilə poeziyada milli ruhun, azadlıq və istiqlal duyğularının yüksək bədii ifadəsi müşahidə olunur. Məhəmməd Hadi, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Əlabbas Müznib, Salman Mümtaz, Ümgülsüm Sadıqzadə, Əmin Abid, Əliyusif Rai, Cəlal Sahir, Məhəmməd Ümid Gəncəli və başqalarının yaradıcılığında millilik, vətənsevərlik və azadlıq uğrunda mübarizə motivləri yeni elmi baxış bucağından dəyərləndirilir, onların bədii-estetik mahiyyəti sistemli şəkildə üzçə çıxarılır.

Dərsliyin II cildində isə Azərbaycan ədəbiyyatı tarixinin nisbətən az öyrənilmiş mərhələlərindən biri – 1920-1960-cı illəri əhatə edən dövrün ədəbi prosesi geniş şəkildə araşdırılır. Bu mərhələdə ədəbi mühitin ideoloji transformasiyası, milli təmayülçülük və cümhuriyyətçilik ideyalarının tədricən beynəlmiləlçilik prinsipləri ilə əvəzlənməsi, mədəniyyətin qarşısına qoyulan yeni funksional tələblər və senzura şəraitində fəaliyyət göstərən mətbuatın xarakteri diqqət mərkəzinə çəkilir.

Eyni zamanda, köhnə ədəbi-estetik dəyərlərin tənqidi, yeni ideoloji istiqamətlərin təbliği, ədəbi müzakirə və “məhkəmə”lərin təşkili, ədəbiyyatda proletarlaşma meylləri və “sənət sənət üçündür” prinsipindən “sənət həyat üçündür” konsepsiyasına keçid kimi məsələlər konkret faktlar əsasında, sistemli və ardıcıl şəkildə təhlil olunur. Bu yanaşma, bəhs olunan dövrün ədəbi mənzərəsinin ideoloji, estetik və funksional xüsusiyyətlərini bütöv şəkildə dəyərləndirməyə imkan yaradır.

Poeziyanın inkişaf dinamikasında proqressiv amillərin intensivləşməsi, lirikanın mahiyyəti və onun fərdi təzahür formalarının nəzəri-estetik problemləri, sərbəst şeirin təşəkkül mərhələləri, eləcə də epik poeziyanın, xüsusilə poema janrının funksional imkanları və janr-transformasiya potensialı araşdırılır. Bu kontekstdə yeni poetik axtarışlar və estetik meyillər Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Rəsul Rza, Məmməd Rahim, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Nigar Rəfibəyli və başqa sənətkarların yaradıcılığında təhlil müstəvisinə çıxarılır. Bununla yanaşı, müasir həyat hadisələrinin bədii inikası kimi roman janrının inkişaf istiqamətləri, dramaturgiyada yeni təmayüllər, eləcə də sosialist realizmi çərçivəsində formalaşan dramaturji modellər də elmi araşdırmanın predmetinə çevrilir.

Bu cilddə Azərbaycan mühacirət ədəbiyyatı milli bədii düşüncəsinin zənginləşməsində mühüm səhifələrdən biri kimi təqdim edilir və bu bağlamda ədəbiyyatın bütöv mənzərəsinin bərpasına çalışılır. Mühacirət ədəbiyyatının mərhələləri, ideya-estetik problemləri, “Yeni Kafkasiya”, “Azərbaycan yurd bilgisi”, “Odlu yurd”, “Bildiriş”, “Azəri türk” kimi mətbuat orqanlarında ədəbi-nəzəri məsələlərin qoyuluşu sistemli şəkildə araşdırılır. Eyni zamanda, mühacirət poeziyasının aparıcı nümayəndələrinin yaradıcılığı təhlil edilir. İkinci Dünya müharibəsi dövründə mühacirətin yeni dalğasının formalaşması, Almaniyada əsir düşərgələrində fəaliyyət göstərən aydınların iştirakı ilə legion ədəbiyyatının yaranması kimi məsələlərə geniş yer ayrılır. Bu kontekstdə digər yazarlarla yanaşı, Qurban Səidin “Əli və Nino” romanı da mühacirət ədəbiyyatı kontekstində elmi təhlilə çəkilir.

Dərsliyin üçüncü cildində isə Azərbaycan ədəbiyyatının 1960-2000-ci illər mərhələsi hadisələr, istiqamətlər və aparıcı ədəbi şəxsiyyətlər müstəvisində kompleks şəkildə dəyərləndirilir. Burada yarım əsrlik ədəbi prosesin xarakteri, inkişaf tendensiyaları, repressiya qurbanlarının irsinin öyrənilməsi, “Xruşşov baharı”nın ictimai-mədəni mühitə təsiri, eləcə də dünya ədəbiyyatı ilə inteqrasiya meyilləri geniş şəkildə təhlil olunur. Bədii nəsrdə tarix və müasirlik münasibətləri, poeziyada fərdi yaradıcılıq üslubunun ön plana çıxması, ideoloji pafosun yerini fəlsəfi dərinlik və subyektiv duyumların alması ilə müşayiət olunan keyfiyyət dəyişiklikləri xüsusi vurğulanır.

Bu mərhələdə Ələkbər Salahzadə, İsa İsmayılzadə, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Bayatlı və başqa şairlərin poeziyasında assosiativlik, psixologizm, daxili dramatizm və hadisələrin mahiyyət qatlarına enmə meyilləri yeni poetik düşüncənin əsas istiqamətləri kimi dəyərləndirilir. Bədii nəsrdə isə İsmayıl Şıxlı, İlyas Əfəndiyev, Çingiz Hüseynov, Yusif Səmədoğlu, Anar, Əkrəm Əylisli, İsi Məlikzadə, Sabir Əhmədli, ElçinMövlud Süleymanlı kimi müəlliflərin yaradıcılığında bədii struktur və üslub yenilikləri müşahidə olunur.

1980-ci illərin sonlarından etibarən milli azadlıq hərəkatının güclənməsi və dövlət müstəqilliyinin bərpası ədəbi prosesi yeni ideya-estetik məcraya yönəldir. Qarabağ müharibəsi, 20 Yanvar hadisələri və ümumilikdə sosial-siyasi keçidlər bədii düşüncənin prioritetlərini dəyişir. Sosialist realizmi metodunun tədricən sıradan çıxması ilə müxtəlif estetik istiqamətlərin ədəbiyyatda təzahürü güclənir və ədəbi mühit çoxsəslilik qazanır. Bununla yanaşı, keçid dövrünün mürəkkəb ictimai-siyasi reallıqları müəyyən mərhələdə bədii-estetik düşüncənin nisbi geriləməsinə də səbəb olur.

Beləliklə, təqdim olunan mətn Azərbaycan ədəbiyyatının müxtəlif mərhələlərini vahid elmi konsepsiya çərçivəsində ümumiləşdirərək, onun inkişaf sərhəflərini, ideya-estetik dəyişimlərini və janr-struktur yeniliklərini sistemli şəkildə əks etdirir.

Hər bir cildin yekun bölməsində Azərbaycanın Güneyində cərəyan edən ictimai-siyasi proseslərin dinamikası, ədəbiyyatın inkişaf mərhələləri, ədəbi mühitin xüsusiyyətləri və milli düşüncə azadlığının bədii təfəkkürdə təzahür formaları sistemli şəkildə ümumiləşdirilir. Bununla yanaşı, həmin dövrün görkəmli ədəbi simalarına həsr olunmuş ayrıca portret oçerklər təqdim edilir; Zeynalabdin Marağayi, Mirzə Əli Möcüz, Məmmədhüseyn Şəhriyar və digər yazarların ədəbi-tarixi prosesdəki yeri və mövqeyi elmi əsaslarla dəyərləndirilir. Hər cildin sonunda Azərbaycanın Güneyində yaranan ədəbiyyata xüsusi yer ayrılması, bütöv milli ədəbi düşüncənin vahid sistem daxilində təqdim olunmasını təmin edən mühüm konseptual prinsip kimi şərtlənir.

Son yarım əsrə yaxın müddətdə ədəbiyyat tarixinin bu mərhələsinin əsas inkişaf tendensiyalarının və problemlərinin dərsliklərdə yetərincə əksini tapmaması, bəhs olunan nəşrin elmi-nəzəri əhəmiyyətini daha da artırır. Sovet siyasi rejimi dönəmi ədəbiyyatşünaslığının ideoloji yanaşmaları və beynəlmiləlçi interpretasiya çərçivəsi daxilində formalaşmış dəyərləndirmələrin yenidən nəzərdən keçirilməsi, ədəbi fakt və hadisələrin müasir elmi metodologiya əsasında çözümünü zəruriləşdirir. Bu baxımdan, dərslikdə XX əsr Azərbaycan ədəbiyyatı vahid və fasiləsiz ədəbi proses kimi araşdırılır; çünki ədəbiyyat tarixinin yazılması, mahiyyət etibarilə, xalqın bədii düşüncə tarixinin rekonstruksiyası deməkdir və bu isə yalnız ədəbi prosesin bütövlükdə, sistemli şəkildə tədqiqi ilə mümkündür.

Həmçinin müvafiq dövrün ictimai-siyasi, tarixi və ədəbi konteksti obyektiv elmi meyarlar əsasında təhlil edilir, ayrı-ayrı inkişaf mərhələlərinin spesifik xüsusiyyətləri müəyyənləşdirilir və ədəbi nümunələrə yeni nəzəri-estetik baxış formalaşdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.