BAYRAQDAR MEDİA – Qazaxıstanın Almatı şəhərində Milli Kitab və Kitabxanaçılar Günü münasibətilə beynəlxalq seminar təşkil olunub. Tədbir müxtəlif regionlardan kitabxana rəhbərlərini və mütəxəssislərini bir araya gətirərək müasir kitabxana işinin aktual məsələlərinin müzakirəsi və beynəlxalq təcrübə mübadiləsinə həsr edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “seminarda MEK-in Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev “AMEA Mərkəzi Elmi Kitabxanasında müasir informasiya sistemlərinin tətbiqi və rəqəmsal transformasiya”, Komplektləşdirmə şöbəsinin rəhbəri Gülnar Məmmədova isə “Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında müəllif hüquqlarının qorunması” mövzularında onlayn məruzələrlə çıxış ediblər. O.Quliyev çıxışında MEK-də kitabxana proseslərinin avtomatlaşdırılması, elektron resursların əlçatanlığı və rəqəmsallaşma istiqamətində tətbiq olunan innovativ yanaşmalar barədə məlumat verib. O, kitabxananın elektron layihələri, süni intellekt əsaslı səsli axtarış sistemi, “Kitabxana bələdçisi”, inklüziv xidmətlər çərçivəsində təqdim edilən audio resurslar, danışan kitablar və interaktiv audio materiallar, həmçinin infoköşklər vasitəsilə oxucular üçün yaradılan sərbəst axtarış imkanlarını diqqətə çatdırıb və təqdimat nümayiş etdirib”.
Ardınca xəbərdə, “G.Məmmədova isə Azərbaycanda müəllif hüquqları sahəsində qanunvericilik və idarəetmə sisteminin formalaşması barədə məlumat verib. O bildirib ki, MEK ədəbiyyat müəllifləri və ya onların səlahiyyətli varisləri ilə müəllif hüquqları üzrə rəsmi “Müəllif müqaviləsi” bağlayan ölkədə ilk kitabxanadır. Müqavilədə hüquqi və praktik məsələlər öz əksini tapır. Həmçinin qeyd olunub ki, müəlliflərin təqdim etdiyi elektron nəşrlərin əlçatanlıq sistemi onların istəklərinə uyğun qorunur və müəllifin razılığı ilə kitabların tam mətni və ya müəyyən hissəsi kitabxananın saytında açıq girişdə yerləşdirilə bilər. Tədbirdə Malayziya, İsveç, Türkiyə və Saxanın (Yakutiya) kitabxanalarının nümayəndələri də çıxış edərək öz təcrübə və nailiyyətlərini bölüşüblər” deyə qeyd olunur.
Seminarın yekununda iştirakçılara Təşəkkürnamələr təqdim olunub.






İlk şərhi yaza bilərsiniz