Press "Enter" to skip to content

Yaponiyada azərbaycanlı müəllifdən yeni kitab

Yaponiyada azərbaycanlı müəllifdən yeni kitab

BAYRAQDAR MEDİA-ya Yaponiyada fəaliyyət göstərən Əlibəy Məmmədov Azərbaycan haqqında növbəti kitabını nəşr etdirib.

Bu haqda BAYRAQDAR MEDİA-ya müəllif özü məlumat verib.

Məlumatda bildirilir ki, “bu, onun yapon dilində çap olunan ikinci kitabıdır. Müəllifin ilk əsəri “Azərbaycanın indi maraqlı olmasının səbəbləri” 2018-ci ildə işıq üzü görüb. Yeni kitab “Azərbaycan adlı strategiya” adlanır. Nəşrin üz qabığında qeyd olunur ki, bu ölkəni tanımadan dünyanı anlamaq mümkün deyil və kiçik dövlətin böyük güclərlə rəqabətdə uğur qazanma yolları məhz bu əsərdə izah edilir. Kitab geopolitika, enerji təhlükəsizliyi, müharibələr, diplomatiya və dövlət idarəçiliyi kimi mövzuları əhatə edir. Əsərdə Azərbaycanın qonşu və digər dövlətlərlə balanslaşdırılmış siyasət apararaq əldə etdiyi uğurlar qeyd olunur. Müəllif Azərbaycanın müxtəlif dövlətlərlə — Türkiyə, İsrail, İran, Rusiya, Ukrayna, ABŞ və Avropa ölkələrilə balanslaşdırılmış siyasət yürütməsini xüsusi vurğulayır. Eyni zamanda, ölkənin Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyəti və 2024-cü ildə Bakıda keçirilmiş COP29 kimi beynəlxalq tədbirlər də kitabda geniş yer alıb”.

Sonra xəbərdə, “əsərdə Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərə də toxunulur. Xüsusilə Birinci Qarabağ müharibəsi nəticəsində torpaqların işğalı, qaçqın böhranı və ağır iqtisadi vəziyyət təsvir edilir. Bununla yanaşı, “Əsrin müqaviləsi”nin imzalanması və enerji strategiyasının ölkənin inkişafında oynadığı rol ön plana çəkilir. Yaponiya şirkətləri — INPEX və Itochu Corporation tərəfindən Azərbaycana yatırılan investisiyalar xüsusi qeyd olunur. Müəllif Azərbaycanın enerji siyasəti nəticəsində iqtisadiyyatını gücləndirməsini, kənd təsərrüfatı, turizm və informasiya texnologiyaları sahələrində əldə olunan nailiyyətləri vurğulayır. Kitabda, həmçinin İkinci Qarabağ müharibəsi zamanı əldə olunan qələbə və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi geniş şəkildə təhlil olunur. Nəşrdə Qarabağ və Şərqi Zəngəzur bölgəsində aparılan bərpa-quruculuq işləri, o cümlədən Şuşa, Laçın, Ağdam və Füzuli şəhərlərində həyata keçirilən layihələr, beynəlxalq hava limanlarının tikintisi və xarici dövlət başçılarının bölgəyə səfərləri də ətraflı təsvir edilib. Prezident İlham Əliyev ilə keçirilən görüşlər və regionda təşkil olunan siyasi və mədəni tədbirlər kitabın əsas mövzularındandır. Bununla yanaşı, müəllif Azərbaycanın “yumşaq güc” siyasətinə də toxunur. Beynəlxalq idman yarışları, mədəni tədbirlər və xüsusilə Yaponiyada keçirilən təqdimatlar vasitəsilə ölkənin tanıdılması diqqətə çatdırılır. Kitabda “şərab diplomatiyası” anlayışı da xüsusi yer tutur. Azərbaycan şərabının Yaponiyada yalnız məhsul kimi deyil, həm də mədəniyyətin daşıyıcısı kimi təqdim olunduğu qeyd edilir” deyə qeyd edilir.

Xəbərdə eləcə də deyilir ki, “kitabda, həmçinin Yaponiyanın Qarabağın bərpasında mümkün rolu da vurğulanır. Qeyd olunur ki, Yaponiya təbii fəlakətlərdən sonra şəhərlərin yenidən qurulması sahəsində böyük təcrübəyə malikdir və bu təcrübəni Azərbaycanla bölüşə bilər. Müəllifin fikrincə, sözügedən kitab Yaponiyada Azərbaycanın daha yaxından tanıdılmasına və beynəlxalq imicinin güclənməsinə töhfə verəcək. Əsər artıq Yaponiyada geniş maraq doğurub. Populyar YouTube kanallarında təqdimatları yayımlanan kitabın ikinci tirajının çapına qərar verilib. Qeyd edək ki, kitabın 2026-cı il aprel ayının 27-dən Yaponiyada rəsmi satışlarına başlanılıb. Artıq bir ay əvvəl “Amazon” reytinqlərində də yapon dilində kifayət qədər satışları gedir və ön sıralardadır. Kitab, eyni zamanda, bir çox mərkəzi kitabxanalara, universitetlərə paylanılacaq”.

Xatırladaq ki, Ə.Məmmədov 2012-ci ilədən Yaponiyada yaşayır. Hokkaydo Universitetində siyasi elmlər üzrə təhsil alıb. Yaponiya hökuməti təqaüdçüsü olmuş Ə.Məmmədov, eyni zamanda, konfliktoloq, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədridir. Diaspor fəaliyyətinə təhsil illərindən başlayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.