BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli alim və ictimai xadim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “sərgidə alimin zəngin həyat və elmi fəaliyyətini əks etdirən “Zərifə Əziz qızı Əliyeva” biblioqrafik göstərici, “Oftalmologiyanın aktual problemləri”, “Qaranlığa nur saçan zəka” üç dildə, “Pedaqogika”, “Zərifənin möcüzələri”, “Yüksək əqidə”, həmçinin görkəmli akademikin tədqiqatlarından ibarət çoxcildlik, yubileylərinə həsr olunmuş beynəlxalq elmi konfransların materiallar toplusu və başqa dəyərli nəşrlər nümayiş etdirilir. Bundan əlavə, Z.Əliyevanın Ümummilli Lider Heydәr Əliyevin hәyatındakı rolundan bəhs edən “Heydər Əliyev”, “Zərifə xanım Əliyeva”, “İstedadlar ocağı”, “Əbədiyaşar məhəbbət” və digərləri sərgidə yer alıb”.
Ardınca xəbərdə, “alimin həmmüəllifi olduğu “Oftalmologiyanın aktual problemləri” adlı elmi əsərin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi tərəfindən əlavələrlə birlikdə ilk dəfə ingilis dilinə tərcümə edilərək yeni tərtibatda nəşr olunmuş variantı da sərgidə layiqli yerini tutub. Nəşrlərdə akademikin Azәrbaycanda oftalmologiya elminin inkişafında müstәsna xidmәtlәrindən, tibb elminə gətirdiyi yeniliklərdən, traxoma xəstəliklərinin Azərbaycanda kütləvi yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən təşəbbüslərdən, illәr boyu apardığı müşahidәlәrdən, klinik tәdqiqatların vә tәcrübәlәrin nәticәlәrindən, eləcə də yüksәk ixtisaslı kadrların hazırlanmasında böyük әmәyindən bəhs olunur” deyə vurğulanır.
Sərgi iki həftə müddətində davam edəcək.
Onu da qeyd edək ki, nümayiş olunan ədəbiyyatla kitabxananın saytındakı elektron kitabxana bölməsində onlayn şəkildə tanış olmaq mümkündür.






İlk şərhi yaza bilərsiniz