BAYRAQDAR MEDİA – Mayın 14-də Beynəlxalq Muğam Mərkəzində “Savalan” musiqi qrupu geniş konsert proqramı ilə çıxış edəcək. Tədbir qrupun qurucusu və ilk bədii rəhbəri, mərhum müğənni Novruz Novruzlunun əziz xatirəsinə həsr olunacaq.
Təşkilatçılardan verilən məlumata görə, “Dost! Dost! Dost! Bilinməyən bir eşq yaşadır insanı” adlı konsert proqramı musiqisevərlərə duyğusal və zəngin repertuar vəd edir: “Gecənin aparıcısı Səyyarə Səyyaf olacaq. Qrupun bədii rəhbəri bəstəkar və kaman ustası İffət Əsgərdir. Konsertdə vokal ifaçıları Azər Çələbi və Naser Nayyeri səhnəyə çıxacaq. Musiqi heyətində həmçinin qanunda Məhta Məhəmmədəlizadə, balabanda Anar Vəlizadə, bas tarda Vahid Süleymanov, klavişdə Elnur Hüseynov, davulda Anar Quliyev və nağarada Əli Elnuroğlu yer alır. Qiraətçi qismində isə Əməkdar artist Qasım Nağı iştirak edəcək”.
Məlumatda qeyd edilir ki, proqramda İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Neyzən Tevfik, Ramiz Rövşən və Şahin Musaoğlunun sözlərinə bəstələnmiş əsərlər, eləcə də xalq mahnıları səsləndiriləcək.
Konsert saat 20:00-da başlayacaq.










İlk şərhi yaza bilərsiniz