Son yeniləmə: 25 May 2026
BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib.
Bu barədə KOBİA-dan məlumat verilib.
Bildirilib ki, iclasda AQEM-in Baş katibi, səfir Kayrat Sarıbay Biznes Şuranın 2026-cı il üzrə prioritetləri və üzv dövlətlər arasında praktiki əməkdaşlığın gücləndirilməsi barədə məlumat verib.
AQEM-in Biznes Şurasının sədri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov şuranın 2025-ci ildəki fəaliyyəti, təşkilata üzv dövlətlər arasında əməkdaşlığın əsas istiqamətləri, həmçinin 2026-cı il üçün nəzərdə tutulan planlar barədə danışıb.
İclas çərçivəsində AQEM Biznes Şurasının 9-cu Plenar İclası və 11-ci Biznes Forumunun konsepsiyası təqdim olunub. Tədbirlərin 2026-cı ilin sentyabr ayında Bakıda “AQEM regionunda rəqabətqabiliyyətli və inklüziv KOB inkişafı üçün sahibkarlıq ekosistemləri” mövzusunda keçirilməsi təklif olunub. İclasda şəhərsalma və KOB-lar üçün biznes imkanları, gənc sahibkarlıq və çağırışlar, biznes inkubatorlar və sahibkarlığa dəstək infrastrukturu, KOB-ların inkişafı və adaptasiyası üçün biznes modellər, eləcə də sahibkarlara dəstək tədbirləri barədə fikir mübadiləsi aparılıb.
Sonra Biznes Şuranın üzvləri – Qazaxıstan, Rusiya və Tailand nümayəndələri təklif olunan gündəlik və konsepsiya üzrə fikir və təkliflərini bölüşüblər. İclas iştirakçıları AQEM Biznes Şurasının 2026-cı il üzrə prioritetlərinə dəstəklərini ifadə edib, 9-cu Plenar İclas və 11-ci Biznes Foruma hazırlıq prosesi və təşkilati məsələlərə dair məsləhətləşmələrin davam etdirilməsini qeyd ediblər.
Qeyd edək ki, Azərbaycan 2024–2026-cı illər üzrə AQEM-ə sədrlik edir. AQEM yanında Biznes Şuraya Azərbaycan tərəfindən KOBİA rəhbərlik edir.





İlk şərhi yaza bilərsiniz