Press "Enter" to skip to content

Qardaş Azərbaycanın uğuru türk dünyasına güc verir

Yusuf Tekinay

Son yeniləmə: 25 May 2026

Yusuf Tekinay: Bakı bu gün ortaq baxış formalaşdıran əsas mərkəzlərindən birinə çevrilib

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, may ayının geridə qalan günləri Azərbaycan paytaxtı Bakı şəhərində keçirilən bir sıra mühüm beynəlxalq tədbirlərlə yadda qaldı. Bu tədbirlər sırasında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Forumu xüsusi diqqət çəkdi. Forumda Türk Dövlətləri Təşkilatının daimi və müşahidəçi üzvü olan ölkələrin hər birindən nümayəndələr iştirak ediblər. Tədbirdə həmçinin Kuzey Kıbrıs Türk Cümhuriyyətini təmsil edən nümayəndə heyəti də yer alıb. Kuzey Kıbrıs Gənc İş Adamları Dərnəyinin başqanı Yusuf Tekinay forum çərçivəsində keçirilən müzakirələrdə fəal iştirak edib. O, eyni zamanda BMT-nin Dünya Şəhərsalma Forumu çərçivəsində təşkil olunan tədbirlərə də qatılıb.

Yusuf Tekinay BAYRAQDAR MEDİA-ya verdiyi müsahibədə həm Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərin II forumu, həm də BMT-nin Dünya Şəhərsalma Forumu ilə bağlı təəssüratlarını bölüşüb, Bakıda keçirilən beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Qeyri-hökumət təşkilatları dövlətlərarası münasibətlərin tamamlayıcı gücüdür

-Mayın 16-da Bakı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Forumuna ev sahibliyi etdi və siz də həmin tədbirin iştirakçılarından biri oldunuz. Ümumilikdə forumu necə qiymətləndirirsiniz? Sizcə, bu cür platformalar Türk dünyasında vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişafına hansı töhfələri verə bilər?

-İlk növbədə qeyd etmək istəyirəm ki, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Forumu sadəcə bir toplantı deyil, türk dünyasının ortaq düşüncəsini, ortaq vicdanını və ortaq gələcək iradəsini ortaya qoyan çox mühüm bir platforma oldu. Bu baxımdan Azərbaycanın ev sahibliyini olduqca uğurlu hesab edirəm. Bakı bu gün yalnız Azərbaycanın paytaxtı deyil, eyni zamanda türk dünyasının fikir istehsal edən, insanları bir araya gətirən və ortaq baxış formalaşdıran əsas mərkəzlərindən birinə çevrilib. Ümumiyyətlə qardaş Azərbaycanın uğuru türk dünyasına güc verir.

Forum çərçivəsində müxtəlif ölkələrdən olan vətəndaş cəmiyyəti nümayəndələrinin eyni masa arxasında toplaşması, bir-birini dinləməsi, ortaq problemləri müzakirə etməsi və birgə layihələr üzərində fikir mübadiləsi aparması olduqca dəyərlidir. Qeyri-hökumət təşkilatları dövlətlərarası münasibətlərin tamamlayıcı gücüdür. Dövlətlər siyasi və diplomatik müstəvidə əlaqələri inkişaf etdirərkən, vətəndaş cəmiyyəti bu münasibətləri xalqların qəlbinə daşıyır. Gənclər siyasəti, qadın sahibkarlığı, sosial məsuliyyət, təhsil, mədəniyyət, ekologiya, şəhərsalma, sahibkarlıq və rəqəmsal transformasiya kimi sahələrdə QHT-lərin birgə fəaliyyəti Türk dünyasında uzunmüddətli əməkdaşlıq mühitinin formalaşmasına ciddi töhfə verə bilər.
Mən bu forumu “tanışlıq mərhələsindən” “birlikdə istehsal və fəaliyyət mərhələsinə” keçid baxımından çox önəmli hesab edirəm. Artıq bir-birini sadəcə salamlayan deyil, ortaq layihələr hazırlayan, birgə fond mexanizmləri yaradan, gəncləri bir araya gətirən, şəhərlər və iş dünyaları arasında körpülər quran yeni əməkdaşlıq modelinə ehtiyac var. Bu cür platformalar da məhz həmin ehtiyaca cavab verir.

Gənc iş adamları ölkələrimiz arasında ticarətin, investisiyanın, innovasiyanın və sahibkarlığın inkişafında çox mühüm körpü rolunu oynaya bilərlər

-Forum çərçivəsində keçirilən panellərdən birində siz də çıxış etdiniz və müzakirələrin əsas mövzularından biri gənclərlə bağlı idi. Müasir geosiyasi və qlobal proseslər fonunda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin gənclərinin qarşısında hansı əsas vəzifələr və hədəflər dayanır? Türk dünyasının gələcəyinin formalaşmasında gənclərin, xüsusilə də gənc iş adamlarının rolunu necə qiymətləndirirsiniz?

-Bu gün dünya çox sürətlə dəyişir. Geosiyasi balanslar yenidən formalaşır, tədarük zəncirləri dəyişir, enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi, süni intellekt, rəqəmsallaşma və iqlim böhranı kimi məsələlər dövlətlərin gələcəyinə birbaşa təsir göstərir. Belə bir dövrdə türk dünyası gənclərinin qarşısında duran ən mühüm vəzifə yalnız keçmişdən gələn qardaşlıq bağlarını qorumaq deyil, həmin bağları gələcəyin iqtisadi, texnoloji və sosial əməkdaşlıq modelinə çevirməkdir.

Bu gün gənclər artıq sadəcə “gələcəyin liderləri” deyil. Onlar bu günün qərarvermə proseslərində də fəal iştirak etməli olan dinamik gücdür. Xüsusilə gənc iş adamları ölkələrimiz arasında ticarətin, investisiyanın, innovasiyanın və sahibkarlığın inkişafında çox mühüm körpü rolunu oynaya bilərlər. Mən hesab edirəm ki, türk dünyası gənclərinin qarşısında üç əsas hədəf dayanır. Birincisi, bir-birini daha yaxından tanımaq və ortaq əlaqə şəbəkəsi formalaşdırmaqdır. İkincisi, yalnız mədəni deyil, iqtisadi və texnoloji əməkdaşlığı da genişləndirməkdir. Üçüncüsü isə yaşadıqları ölkələrdə daha çox məsuliyyət götürərək qərarvermə mexanizmlərində iştirak etməkdir.

Gənc iş adamları bu prosesdə xüsusi strateji mövqeyə malikdirlər. Çünki iş adamı yalnız ticarətlə məşğul olan şəxs deyil, eyni zamanda məşğulluq yaradan, risk götürən, yenilik gətirən və cəmiyyətin inkişafına töhfə verən əsas qüvvələrdən biridir. Əgər türk dünyasının gənc sahibkarları arasında güclü əməkdaşlıq platforması formalaşdırıla bilsə, bu, yalnız ticarətin inkişafına deyil, ortaq istehsalın, ortaq brendlərin, texnologiyanın və ümumi inkişaf modelinin güclənməsinə də ciddi töhfə verər. Mənim qənaətimə görə, türk dünyasının gələcəyi yalnız siyasi zirvə görüşlərində deyil, gənclərin quracağı şirkətlərdə, həyata keçirəcəyi sosial layihələrdə, universitetlərdə, texnologiya mərkəzlərində, şəhərlərdə və vətəndaş cəmiyyəti platformalarında formalaşacaq.

Türk dünyası artıq yalnız tarixi və mədəni bağlarla deyil, texnologiya, iqtisadiyyat, diplomatiya və strateji baxışla da gələcəyə hazırlaşır

-Cənab Prezident İlham Əliyev bir müddət əvvəl “Bizim ailəmiz türk dünyasıdır” fikrini səsləndirmişdi. Bu dəfə isə Türkistanda keçirilən Türk Dövlətləri Təşkilatının Qeyri-rəsmi Zirvə görüşündə türk dünyasının gələcəkdə mühüm geosiyasi mərkəzə çevrilməsi ilə bağlı diqqətçəkən mesajlar verildi. Sizcə, bu çağırış xüsusilə gənc nəsil üçün hansı əhəmiyyət daşıyır?

-Cənab Prezident İlham Əliyevin “Bizim ailəmiz türk dünyasıdır” ifadəsi çox güclü və dərin məna daşıyan mesajdır. Çünki “ailə” anlayışı yalnız siyasi yaxınlığı deyil, eyni zamanda ortaq taleyi, həmrəyliyi, etibarı və ümumi gələcək düşüncəsini ifadə edir. Türkistanda keçirilən Türk Dövlətləri Təşkilatının Qeyri-rəsmi Zirvə görüşündə də Türk dünyasının qlobal miqyasda daha güclü geosiyasi aktora çevrilməsi istiqamətində mühüm mesajlar verildi. Zirvənin 15 may 2026-cı ildə Türkistanda “Süni intellekt və rəqəmsal inkişaf” mövzusu altında keçirilməsi də əslində çox mühüm məqamdan xəbər verir. Bu onu göstərir ki, Türk dünyası artıq yalnız tarixi və mədəni bağlarla deyil, texnologiya, iqtisadiyyat, diplomatiya və strateji baxışla da gələcəyə hazırlaşır. Bu çağırış gənc nəsil üçün çox böyük məsuliyyət yaradır. Çünki türk dünyasının mühüm geosiyasi mərkəzə çevrilməsi yalnız liderlərin ortaya qoyduğu siyasi iradə ilə mümkün deyil. Bu vizyonun cəmiyyətlərdə qarşılıq tapması, gənclər tərəfindən mənimsənilməsi və real layihələrə çevrilməsi vacibdir. Gənclər bu çağırışı romantik bir şüar kimi deyil, ciddi bir missiya kimi qəbul etməlidirlər. Daha çox ortaq təhsil proqramları, daha çox gənc sahibkar görüşləri, daha geniş rəqəmsal platformalar, ortaq media layihələri və iqtisadi əməkdaşlıq təşəbbüsləri həyata keçirilməlidir. Bugünkü gənclər türk dünyasının bir-birinə sadəcə “qardaş ölkə” kimi baxmasından daha irəli gedərək, bir-birini “strateji tərəfdaş”, “iqtisadi tərəfdaş” və “ortaq gələcəyin iştirakçısı” kimi görməsini təmin etməlidirlər. Məncə, bu çağırışın ən mühüm mənası da məhz bundan ibarətdir.

-Sizcə, Türk Dövlətləri Təşkilatı daxilində KKTC-nin rolunun və təmsil imkanlarının daha da gücləndirilməsi üçün hansı addımlar atılmalıdır?

-KKTC-nin Türk Dövlətləri Təşkilatı daxilində yer alması bizim üçün son dərəcə önəmlidir. KKTC-nin müşahidəçi üzv kimi türk dünyasının platformalarında təmsil olunması yalnız diplomatik uğur deyil, eyni zamanda Kıbrıs türk xalqının beynəlxalq görünürlüğü baxımından da mühüm addımdır. Lakin bu təmsilçiliyin daha da güclənməsi üçün davamlı, planlı və çoxtərəfli fəaliyyət həyata keçirilməlidir. İlk növbədə, KKTC-nin TDT çərçivəsində keçirilən toplantılarda, forumlarda, gənclik proqramlarında, iş dünyası görüşlərində, universitet və mədəniyyət tədbirlərində daha fəal və sistemli şəkildə iştirak etməsi vacibdir. Digər tərəfdən, KKTC ilə Türk dünyası ölkələri arasında vətəndaş cəmiyyəti, gənclər və biznes sahəsində konkret layihələrin sayı artırılmalıdır. Biz yalnız protokol səviyyəsində münasibətlərlə kifayətlənməməli, real nəticələr verən əməkdaşlıqlara üstünlük verməliyik. Gənc sahibkar proqramları, qadın sahibkarlığı təşəbbüsləri, universitetlərarası əməkdaşlıq, turizm və təhsil sahəsində ortaq tanıtım layihələri bu istiqamətdə mühüm rol oynaya bilər.

Eyni zamanda, KKTC-nin Türk dünyasına daha yaxından tanıdılması da vacibdir. Kıbrıs türk xalqının tarixi, mübarizəsi, iqtisadi potensialı, təhsil imkanları, turizm imkanları və Şərqi Aralıq dənizindəki strateji mövqeyi daha təsirli formada təqdim olunmalıdır. Bu məsələdə qeyri-hökumət təşkilatlarının üzərinə də mühüm vəzifə düşür. Biz vətəndaş cəmiyyəti olaraq dövlətimizin diplomatik fəaliyyətini tamamlayan ictimai diplomatiya missiyasını həyata keçirməliyik. Bəzən bir iş adamının qurduğu əlaqə, bir tələbənin iştirak etdiyi proqram və ya bir QHT-nin həyata keçirdiyi layihə rəsmi diplomatiya qədər təsirli nəticələr verə bilir. Məncə, KKTC-nin TDT daxilində rolunun güclənməsi üçün əsas yanaşma belə olmalıdır: biz yalnız dəvət olunan tərəf deyil, eyni zamanda təşəbbüs göstərən, layihə irəli sürən, fikir formalaşdıran və Türk dünyasının ortaq gündəminə töhfə verən aktiv bir tərəf olmalıyıq.

Bu, Azərbaycanın beynəlxalq müstəvidə artan rolunu açıq şəkildə göstərir

-Siz Bakıda keçirilən WUF13 – Ümumdünya Şəhərsalma Forumunun da iştirakçılarından oldunuz. Belə mühüm beynəlxalq tədbirin Azərbaycanda keçirilməsini necə qiymətləndirirsiniz? Bu cür qlobal platformalar Azərbaycanın beynəlxalq nüfuzuna və ümumilikdə Türk dünyasının dünyada tanıdılmasına hansı töhfələri verə bilər?

-WUF13 – Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycan üçün çox mühüm uğurdur. Ümumdünya Şəhərsalma Forumu BMT-nin UN-Habitat proqramı tərəfindən iki ildən bir təşkil olunan və şəhərsalma sahəsində dünyanın ən nüfuzlu qlobal platformalarından biri hesab edilən tədbirdir. Bu il forumun 17–22 may 2026-cı il tarixlərində Bakıda, UN-Habitat və Azərbaycan hökumətinin əməkdaşlığı ilə keçirilməsi Azərbaycanın beynəlxalq müstəvidə artan rolunu açıq şəkildə göstərir. Bu gün şəhərsalma yalnız bina, yol və infrastruktur məsələsi deyil. Şəhərsalma eyni zamanda həyat keyfiyyəti, ekologiya, nəqliyyat, mənzil təminatı, enerji səmərəliliyi, sosial ədalət, texnologiya, təhlükəsizlik və insan yönümlü inkişaf məsələsidir. Bu baxımdan WUF13 kimi mötəbər forumun Bakıda keçirilməsi onu göstərir ki, Bakı artıq təkcə regional deyil, qlobal məsələlərin müzakirə olunduğu mühüm mərkəzlərdən birinə çevrilib. Eyni zamanda bu forum türk dünyası baxımından da xüsusi əhəmiyyət daşıyır. Çünki Bakıda keçirilən hər bir qlobal tədbir yalnız Azərbaycanın deyil, bütövlükdə türk dünyasının beynəlxalq görünürlüğünü artırır. Türk dünyası artıq təkcə ortaq tarix və mədəniyyətlə deyil, həm də müasir şəhərləri, iqtisadi potensialı, insan resursları, texnoloji baxışı və beynəlxalq təşkilatçılıq qabiliyyəti ilə özünü dünyaya təqdim etməlidir.

Mən WUF13 forumunu bu baxımdan olduqca dəyərli hesab edirəm. türk dünyasının şəhərləri arasında da daha sıx əməkdaşlıq qurulmalı, ağıllı şəhərlər, yaşıl transformasiya, fəlakətlərə davamlı şəhərlər, nəqliyyat, enerji səmərəliliyi və gənc dostu şəhərlər istiqamətində ortaq layihələr həyata keçirilməlidir. Çünki gələcəyin rəqabəti artıq yalnız dövlətlər arasında deyil, şəhərlər arasında da formalaşır.

Bakının bu forum vasitəsilə verdiyi mesaj çox aydındır: Azərbaycan artıq yalnız regional prosesləri izləyən deyil, qlobal gündəmə ev sahibliyi edən, fikir formalaşdıran və beynəlxalq müzakirələrin mərkəzində yer alan ölkəyə çevrilib. Bu isə həm Azərbaycan, həm də bütövlükdə türk dünyası üçün qürurverici mənzərədir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.