Meyramgül Salkimbaeva: Bu seçkilərə Qazaxıstanın siyasi inkişafında yeni mərhələnin başlanğıcı kimi baxıram
BAYRAQDAR MEDİA – Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 23-də keçirilmiş Qurultay deputatlarının seçkilərində səsvermənin ilkin nəticələrini açıqlayıb. “Kazinform” agentliyinin məlumatında deyilir ki, ilkin məlumatlara əsasən, “Ədalət” partiyası 6 milyon 528 min 948 səs, yaxud 71,17 faiz səs toplayıb.
Məlumatda deyilir ki, “Auıl” partiyasına 574 min 621 seçici, yaxud 6,26 faiz səs verib. “Respublica” 509 min 631 səs, yaxud 5,56 faiz, Qazaxıstan Demokratik Partiyası “Aq Jol” 478 min 83 səs, yaxud 5,21 faiz, Ümummilli Sosial-Demokrat Partiyası isə 469 min 58 səs, yaxud 5,11 faiz toplayıb. Qazaxıstan Xalq Partiyası 3,11 faiz, Yaşıllar Partiyası “Baytaq” isə 1,07 faiz səs toplayıb. Seçicilərin 2,51 faizi hər kəsin əleyhinə səs verib. Seçici siyahılarına 12 milyon 623 min 289 nəfər daxil edilib. Səsvermədə 9 milyon 351 min 539 vətəndaş iştirak edib. İlkin seçici fəallığı 74,08 faiz təşkil edib.
Beləliklə, ilkin nəticələrə əsasən, beş siyasi partiya 5 faizlik baryeri keçib. Bəs Qurultaya seçkilərin nəticələri Qazaxıstanın ictimai-siyasi həyatı və gələcəyi üçün nə deməkdir?
Həmin sualla müraciət etdiyimiz tanınmış qazaxıstanlı televiziya jurnalisti, Türk dünyası üzrə araşdırmaçı, Qazaxıstanın “Atameken Business” telekanalında “Türki Aləmi” proqramının aparıcısı, Beynəlxalq icmalçı Meyramgül Salkimbaeva BAYRAQDAR MEDİA-ya özəl dəyərləndirmə edib.
145 yerlik birpalatalı Qurultayın formalaşdırılması qanunverici hakimiyyətin arxitekturasını dəyişir və onu daha yığcam, operativ edir
Meyramgül Salkimbaeva öncə bu seçkilərə Qazaxıstanın siyasi inkişafında yeni mərhələnin başlanğıcı kimi baxdığını bildirib: “145 yerlik birpalatalı Qurultayın formalaşdırılması qanunverici hakimiyyətin arxitekturasını dəyişir və onu daha yığcam, operativ edir. Əsas nəticə 74,08 faizlik seçici fəallığı şəraitində səslərin 71,17 faizini qazanan “Adilet” partiyasının inamlı qələbəsidir. Parlamentə, həmçinin “Auyl”, “Respublica”, “Ak Jol” və ÜSDP də keçib. Bu isə o deməkdir ki, yeni sistem kifayət qədər aydın siyasi mandat əldə edib”.
Onun sözələrinə görə, indi seçkilərin öz nəticələrindən daha vacib olan məsələ yeni Qurultayın bu mandatdan necə istifadə edəcəyidir: “Ondan yalnız qanunların sürətlə qəbul edilməsi deyil, həm də keyfiyyətli qanunvericilik fəaliyyəti, cəmiyyətin maraqlarının təmsil olunması və islahatların həyata keçirilməsində səmərəli iştirak gözlənilir. Qazaxıstanın siyasi institutlarının sabitliyi və proqnozlaşdırıla bilməsi onun xarici siyasəti üçün də əhəmiyyət daşıyır. Daxili institusional sistem nə qədər dayanıqlı olarsa, Qazaxıstanın Mərkəzi Asiyanın əsas dövlətlərindən biri kimi mövqeyi də bir o qədər güclü olar”.
“Qurultaya seçkilərin nəticələri Türk dünyası üçün hansı əhəmiyyət daşıyır” sualına gəlincə isə müsahibimiz deyib: “Mən burada, ilk növbədə, yalnız simvolik deyil, həm də praktiki əhəmiyyət görürəm. “Qurultay” sözünün özü qədim türk ənənəsində toplantı, məsləhətləşmə və kollektiv qərar qəbul edilməsi anlayışları ilə bağlıdır. Buna görə də Qazaxıstanın bu tarixi anlayışa müraciət etməsi müəyyən simvolik məna daşıyır: müasir parlament türk xalqlarının ümumi siyasi tarixində dərin köklərə malik olan bir ad alır. Bununla yanaşı, vacib məqam ondan ibarətdir ki, türk dövlətləri öz siyasi sistemlərini vahidləşdirməyə çalışmırlar. Hər bir ölkənin öz modeli və dövlətçilik ənənəsi var. Türkiyədə 600 deputatdan ibarət birpalatalı parlament — Böyük Millət Məclisi, Azərbaycanda Milli Məclis, Qırğızıstanda Joqorku Keneş, Özbəkistanda isə Ali Məclis fəaliyyət göstərir. Qazaxıstanın Qurultay modeli də bu sırada müasir parlamentarizmin özünəməxsus milli variantını təşkil edir. Məncə, məhz bu müxtəliflik Türk dünyasının güclü tərəfidir. Ümumi cəhət eyni adlarda və ya institutlarda deyil, müxtəlif dövlətlərin ortaq maraqları müəyyən etmək və praktiki əməkdaşlıq qurmaq bacarığındadır”.
Qazaxıstan parlament diplomatiyasının və praktiki inteqrasiyanın inkişafı üçün daha bir alət əldə edir
Bildirilib ki, yeni Qurultay Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və Türk Dövlətləri Təşkilatı vasitəsilə bu qarşılıqlı əlaqələrin parlament ölçüsünü gücləndirə bilər: “TÜRKPA məhz parlamentlərarası əməkdaşlığın inkişafı və iştirakçı dövlətlərin qanunvericiliklərinin yaxınlaşdırılması məqsədilə yaradılıb. Hazırda Qazaxıstan TÜRKPA-ya da sədrlik edir. Burada xüsusilə praktiki istiqamətlər — ticarət, investisiyalar, nəqliyyat, rəqəmsallaşma və transsərhəd layihələrin qanunvericilik baxımından təmin edilməsi mühüm əhəmiyyət daşıyır. İlk növbədə, bu, Qazaxıstan, Azərbaycan və Türkiyənin vahid nəqliyyat-iqtisadi zəncirinin mühüm həlqələrinə çevrildiyi Orta Dəhlizə aiddir. Buna görə də mən belə deyərdim: yeni Qurultay Türk dünyası üçün ona görə əhəmiyyətlidir ki, Qazaxıstan hansısa vahid siyasi model yaratmır, əksinə, parlament diplomatiyasının və praktiki inteqrasiyanın inkişafı üçün daha bir alət əldə edir. Daha geniş mənada isə güclü Qazaxıstan bütövlükdə Türk dünyasını da gücləndirir — müxtəlif dövlətlərin öz milli xüsusiyyətlərini qoruduğu, lakin siyasi, iqtisadi və infrastruktur baxımından getdikcə daha sıx əlaqələndiyi bir məkan kimi”.










İlk şərhi yaza bilərsiniz