Press "Enter" to skip to content

Əli Orucov: Prezidentin Naxçıvan səfəri regionun gələcək inkişafının yeni konturlarını müəyyənləşdirir

Əli Orucov

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri həm muxtar respublikanın gələcək inkişafı, həm də Azərbaycanın regional və beynəlxalq mövqeləri baxımından mühüm mesajlarla yadda qaldı. Səfər çərçivəsində həyata keçirilən layihələr, verilən mesajlar və qarşıya qoyulan hədəflər Naxçıvanın, Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın gələcək inkişaf perspektivlərinə yeni çalarlar gətirir.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında politoloq Əli Orucov deyib.

Politoloqun sözlərinə görə, Naxçıvan Türk dünyasının inteqrasiyasında və əlaqələrinin genişləndirilməsində mühüm körpü rolunu oynayır. Təsadüfi deyil ki, bu istiqamətdə ilk addım da məhz Naxçıvanda atılıb: “Prezident cənab İlham Əliyevin Naxçıvan Televiziyasına verdiyi müsahibə bir növ “yol xəritəsi”dir və qarşıya qoyulan hədəflər burada konkret şəkildə öz əksini tapıb. Əlbəttə ki, ilk növbədə Naxçıvanın müdafiə qüdrətinin artırılması və təhlükəsizliyinin təmin olunması əsas şərtlərdəndir. Bu məsələ artıq öz həllini tapıb. Muxtar Respublikada daimi dislokasiya olunmuş Əlahiddə Korpus və yeni yaradılan komando birləşmələri üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmək iqtidarındadır”.

Əli Orucov bildirib ki, muxtar respublikanın böyük və zəngin potensialının səmərəli şəkildə üzə çıxarılması üçün yeni layihələr işlənib hazırlanıb və onların bir qismi artıq istifadəyə verilib: “Bir zamanlar elektrik enerjisinin davamlı təminatından əziyyət çəkən, blokada şəraitində olan Naxçıvan qısa zamanda təkcə özünü fasiləsiz elektrik enerjisi ilə təmin etməyəcək, hətta bölgəyə elektrik enerjisi ixrac edəcək. Eyni zamanda, Naxçıvan dəmir yolu daşımalarında da vacib həlqəyə çevriləcək. Yeni inşa olunacaq dəmir yolu Muxtar Respublikanı vahid şəbəkədə birləşdirməklə yanaşı, beynəlxalq tranzit xətlərinin tərkib hissəsinə çevriləcək. Zəngəzur dəhlizindən təkcə dəmir yolu daşımalarının deyil, elektrik, fiber-optik xətlərin, həmçinin təbii qaz və neft boru kəmərlərinin keçməsi də nəzərdə tutulur. Bu, bölgənin mahiyyətini və simasını dəyişəcək, onun imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək”.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin səfəri zamanı diqqət çəkən məqamlardan biri də beynəlxalq ictimaiyyətə verilən mesajlar olub: “Ticari və iqtisadi əlaqələrin gücləndirilməsi, təhlükəsizlik məsələlərinin etibarlı təminatı məhz Bakının iradəsi ilə həll edilir. Və buna qarşı çıxmaq mümkün deyil. Eyni zamanda, Ermənistanın xilası Türkiyə və Azərbaycanla normallaşmadan keçir. Ona da işarə olundu ki, gələcəkdə Azərbaycan enerjiyə olan tələbatını tam ödəməklə onun Rusiyadan və İrandan asılılığını aradan qaldıra bilər. Bakı ilə İrəvan arasında sülhün tam olaraq əldə edilməsi, xalqların bir-birinə yaxınlaşması bu coğrafiyanı müsbət mənada köklü şəkildə dəyişə və xarici investorlar üçün cəlbedici məkana çevirə bilər. Cənab Prezident bununla bağlı xarici investorlara çağırış etdi”.

Əli Orucov hesab edir ki, TRİPP layihəsinin və digər mühüm nəqliyyat-kommunikasiya layihələrinin istifadəyə verilməsi Rusiya və İran kimi dövlətlərin mənfi təsirlərini də minimuma endirəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.