BAYRADQAR MEDİA – Azərbaycanın beynəlxalq hava nəqliyyatı şəbəkəsi daha bir aviaşirkətin qoşulması ilə genişlənir. “FLYONE Asia” aviaşirkəti Daşkənddən Bakı və Gəncəyə müntəzəm reyslərin icrasına başlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “yeni əməkdaşlıq çərçivəsində Daşkənd–Bakı–Daşkənd reysləri həftədə bir dəfə, hər çərşənbə günü Heydər Əliyev Aeroportuna, Daşkənd–Gəncə–Daşkənd reysləri isə hər bazar günü Gəncə Beynəlxalq Hava Limanına yerinə yetiriləcək. FLYONE Asia-nın Azərbaycan bazarına daxil olması ölkənin aviasiya sektorunun inkişafı və beynəlxalq hava əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti mühüm addımdır. Yeni aviaşirkətin fəaliyyətə başlaması sərnişinlər üçün əlavə seçim imkanları yaradacaq, regionlararası əlaqələrin inkişafına və qarşılıqlı səfərlərin artmasına töhfə verəcək. Heydər Əliyev Aeroportu üçün “FLYONE Asia”nın fəaliyyətə başlaması beynəlxalq tərəfdaşlıq şəbəkəsinin daha da genişlənməsinin və ölkənin əsas hava nəqliyyatı qovşağı kimi mövqeyinin möhkəmlənməsinin növbəti göstəricisidir”.
Daha sonra xəbərdə, “Gəncə Beynəlxalq Hava Limanı üçün isə yeni əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. “FLYONE Asia”nın uçuşları ilə Gəncə ilk dəfə olaraq Daşkənd istiqaməti üzrə birbaşa hava əlaqəsi əldə edir. Bu marşrut regionun beynəlxalq nəqliyyat əlçatanlığını artıracaq, turizm və biznes əlaqələrinin inkişafına əlavə imkanlar yaradacaq, eyni zamanda, Gəncənin beynəlxalq marşrut şəbəkəsinin genişlənməsinə töhfə verəcək. Daşkənd Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində mühüm strateji əhəmiyyətə malik şəhərlərdən biridir. Yeni reyslər iki ölkə arasında iqtisadi, turizm və humanitar əlaqələrin daha da inkişafına, eləcə də regionlar arasında mobilliyin artırılmasına xidmət edəcək”.
Qeyd edək ki, uçuş cədvəli və biletlərlə bağlı ətraflı məlumatı “FLYONE Asia” aviaşirkətinin rəsmi satış kanalları vasitəsilə əldə etmək mümkündür.





İlk şərhi yaza bilərsiniz