BAYRAQDAR MEDİA – Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 3-ü gündüzədək bəzi ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “qeyd olunanları nəzərə alaraq FHN müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin Nazirlik yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladıb ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir. Bundan başqa, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar”.
Ardınca xəbərdə, “eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır” deyə qeyd olunur.






İlk şərhi yaza bilərsiniz