Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr olunmuş “Bir ömrün işığı” filmi təqdim edilib
BAYRAQDAR MEDİA – Görkəmli dramaturq Cəfər Cabbarlının həyat və yaradıcılığından bəhs edən “Bir ömrün işığı” adlı sənədli-bədii film təqdim edilib. Ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru “Dünya Xalqlarının Mədəniyyəti” İctimai Birliyinin sədri Şəbnəm Tofiqqızıdır.
Bildirilir ki, filmin quruluşçu operatoru Hüseyn Bağırov, montaj və səs rejissoru Vaqif İsmayılzadədir.
Sənədli-bədii janrda ərsəyə gələn filmdə Cəfər Cabbarlının nəvəsi, eyni zamanda ədibin ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı da babası haqqında xatirələrini bölüşüb.
Filmdə yer alan arxiv sənədləri və Cəfər Cabbarlıya məxsus ayrıntılı tarixi materiallar sırf dramaturqun yaradıcılığının bir nömrəli araşdırmaçısı Asif Rüstəmlinin kitablarından götürülüb və tədqiqatçının özü də filmdə dəyərli fikirlərini ifadə edib. Eyni zamanda tanınmış kino tədqiqatçısı Aydın Kazımzadə və teatrşünas Prof. Məryəm Əlizadə də Cəfər Cabbarlı haqqında düşüncələrini filmdə bölüşüblər.
Film bütövlükdə Cəfər Cabbarlının ömür yolunu sənədli-bədii dildə tamaşaçılara çatdırır və ortaya maraqlı bir əsər qoyur.
Ekran işi ilk dəfə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində fəaliyyət göstərən Humanitar Kollecin səhnəsində yaradıcılıq işi kimi nümayiş etdirilib. Bu haqda Şəbnəm Tofiqqızı BAYRAQDAR MEDİA-ya açıqlamasında bildirib. O, eyni zamanda fürsətdən istifadə edərək sözügedən təhsil ocağında formalaşmış sağlam və yaradıcı mühitə, göstərilən dəstəyə görə kollec rəhbərliyinə, xüsusilə də direktor Nərmin Qaralovaya təşəkkürünü ifadə edib.
Yeri gəlmişkən, uğurlu və maraqlı bir yaradıcılıq işi olan “Bir ömrün işığı” filminin gələcəkdə də Cəfər Cabbarlının ömür yolundan bəhs edən dəyərli ekran əsərləri sırasında yer alacağına və Azərbaycan mədəniyyətinə töhfə olacağına inam böyükdür.









İlk şərhi yaza bilərsiniz