BAYRAQDAR MEDİA – 2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistratura səviyyəsində “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, ““Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması siyasi proseslərin elmi təhlili, strateji proqnozlaşdırma, qərarvermə mexanizmlərinin araşdırılması və siyasət sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına yönəlib. Tədris proqramı çərçivəsində magistrantlar siyasi təhlil metodları, strateji araşdırmalar, məlumatların analizi, siyasi risklərin qiymətləndirilməsi, dövlət və beynəlxalq siyasətin təhlili, ictimai rəyin öyrənilməsi, siyasi proqnozlaşdırma sahələrində nəzəri bilik və praktik bacarıqlara yiyələnəcəklər”.
Daha sonra xəbərdə, “ixtisaslaşmanın əsas məqsədi siyasi prosesləri obyektiv qiymətləndirə bilən, analitik hesabatlar hazırlayan, strateji qərarların qəbuluna elmi əsaslarla töhfə verən yüksəkixtisaslı mütəxəssislər yetişdirməkdir. Proqramın məzunları analitik mərkəzlərdə, dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, tədqiqat institutlarında, media qurumlarında və siyasət təhlili ilə məşğul olan digər müəssisələrdə peşəkar fəaliyyət göstərə biləcəklər. Yeni ixtisaslaşmanın ölkədə siyasi analitika və strateji araşdırmalar sahəsində elmi potensialın gücləndirilməsinə, müasir analitik yanaşmaların inkişafına və peşəkar ekspert kadrlarının hazırlanmasına mühüm töhfə verəcəyi gözlənilir” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz