Azərbaycan vətəndaşı olan sahibkar qadın qoyun tövləsini qaz fermasına çevirib
BAYRAQDAR MEDİA – Iğdırda yaşayan Azərbaycan vətəndaşı sahibkar Sona Tuncer uzun illər qoyun saxladığı tövləni qaz fermasına çevirərək istehsala başlayıb. Təxminən 25 ildir Iğdırda yaşayan, ailəli və beş uşaq anası olan Sona Tuncer bildirib ki, məqsədi müasir qaz ferması yaradaraq həm ailə büdcəsinə töhfə vermək, həm də ətrafındakı insanları işlə təmin etməkdir.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, Sona Tuncer deyib ki, əvvəllər ailəsi ilə birlikdə hər yay Qars və Ardahana çobanlıq etməyə gedirdilər və qaz yetişdirilməsi ideyası da məhz orada yaranıb.
Onun sözlərinə görə, hər il yay aylarında Qars və Ardahana çobanlıq etməyə gedərkən qaz yetişdirilməsini görüb və bu işə bir neçə qazla başlayıb: “Sonra hər il onların sayını artırdıq. Bu il isə qarşıya qoyduğumuz say hədəfinə çatdıq və artıq məhsuldarlıq əldə etməyə başlamışıq. Əvvəllər qoyun saxladığımız tövləni qaz yetişdirilməsi üçün uyğunlaşdırdıq. Məqsədimiz köhnə qoyun tövləsini müasir qaz fermasına çevirməkdir. Hər il minlərlə qaz yetişdirərək həm ailə büdcəmizə töhfə vermək, həm də qonşularım üçün yeni iş imkanları yaratmaq istəyirəm”.
Sona Tuncer qeyd edib ki, təxminən 25 ildir Iğdırda yaşayır. Onun sözlərinə görə, övladları artıq böyüyərək ailə qurublar və hazırda ona yalnız 15 yaşlı oğlu dəstək olur.
“Qazların qayğısına birlikdə qalırıq. Oğlum məktəb tətilində mənə kömək edir. Səhər tezdən qazlara yem verir, sonra isə onları örüşə apararaq otarırıq”, – deyə o bildirib.






İlk şərhi yaza bilərsiniz