BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən incəsənət məktəb və mərkəzləri müəllimlərinin attestasiya nəticələrinə əsasən təşkil olunan, 450-dən çox müəllimi əhatə edən inkişafyönümlü təlimlər çərçivəsində tar, kamança və qarmon ixtisasları üzrə əyani dərslərə başlanılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “təlimlər attestasiya zamanı komissiya üzvlərinin səsverməsi nəticəsində kiçik səs çoxluğu ilə (2 lehinə, 3 əleyhinə səslə) tutduğu vəzifəyə uyğun hesab edilməyən təhsilverənlər üçün nəzərdə tutulub. Qeyd edək ki, cari ilin iyun ayından distant formatda başlayan təlimlər əyani şəkildə 9-17 iyul tarixlərində Qarabağ, Gəncə-Daşkəsən və Mərkəzi-Aran regionları üzrə keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin dəstəyi ilə təşkil edilən dərslərin əsas məqsədi təhsilverənlərin praktik hazırlığını gücləndirmək, nəzəri biliklərini təkmilləşdirmək və onların növbəti işə qəbul üzrə müsabiqəyə daha hazırlıqlı şəkildə qatılmalarına dəstək verməkdir”.
Daha sonra xəbərdə, “təlim proqramı çərçivəsində əyani dərslərin sahə üzrə təcrübəli mütəxəssislər tərəfindən aparılması iştirakçıların ifaçılıq bacarıqlarının inkişafına və tədrisin keyfiyyətinə müsbət təsir göstərib. Təlimlərin davamı olaraq fortepiano ixtisası üzrə bu kateqoriyadan olan təhsilverənlər üçün 23 iyul tarixindən inkişafyönümlü əyani dərslərin təşkili nəzərdə tutulub” deyə diqqətə çatdırılır.






İlk şərhi yaza bilərsiniz