BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyində VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hazırlığına həsr olunmuş qurumlararası iclas keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “İclası mədəniyyət naziri Adil Kərimli açılış nitqi ilə başlayıb. Nazir Bakı Prosesinin müntəzəm platforması olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 2011-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başladığını xatırladıb və platformanın qlobal müstəvidə gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir müavini Fərid Cəfərov isə builki Forumun proqramı, hazırlıq işləri, keçiriləcəyi məkanlar və nəzərdə tutulan tədbirlər barədə ətraflı təqdimat edib”.
Sonra xəbərdə, “iclas iştirakçıları Forumun müxtəlif istiqamətləri üzrə təkliflərini bölüşüblər. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli elm təşkilatlarının nümayəndələrinin Foruma cəlb edilməsini təklif edib. Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Quba Olimpiya Kompleksində keçiriləcək Gənclər Forumunun hazırlıq işlərinin davam etdiyini bildirib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov beynəlxalq dəvətlərin əlaqəli qaydada göndərilməsi barədə məlumat verib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Forum çərçivəsində multikulturalizm mövzusunda yan tədbirin keçirilməsini təklif edib. Xarici İşlər Nazirliynin nümayəndəsi Elməddin Mehdiyev Bakıda yerləşən beynəlxalq gənclər təşkilatlarının Gənclər Forumuna cəlb edilməsini, həmçinin iqlim dəyişikliyi mövzusunda ayrıca panelin təşkilini təklif edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qadın və ailə mövzusunun Forum proqramına daxil edilməsini müzakirəyə gətirib, bu istiqamətdə UN Women ilə birgə xüsusi sessiyanın keçirilməsi razılaşdırılıb. İclasın yekununda A.Kərimli qeyd edib: “VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ümumilikdə 3 minə yaxın qonağın, o cümlədən 500 xarici iştirakçının iştirakı nəzərdə tutulur. Bakı Prosesinin bu mötəbər platforması beynəlxalq mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməkdə davam edəcək”” deyə diqqətə çatdırılır.
Qeyd edək ki, Bakı Prosesi 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulmuş beynəlxalq dialoq platformasıdır. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu prosesin müntəzəm keçirilən əsas tədbiridir.






İlk şərhi yaza bilərsiniz