Press "Enter" to skip to content

Kuzey Kıbrısdan növbəti qonaqlar

Fotoda solda - Meryem Özkurt və Ali Kurtoğlu, sağda - Cem Kafkas, Serdar Şengül və Nadir Azəri

BRTK nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bayraq Radio və Televiziya Qurumunun (BRTK) direktoru Meryem Özkurt və rəhbrəlik etdiyi heyət Azərbaycana səfər edib. Göygöldə keçirilən 5-ci Milli Yaylaq Festivalına qatılan qonaqlar, həmçinin iyulun 27-də Bakıda bir sıra görüşlər keçiriblər.

Əslən KKTC-dən olan və hazırda Azərbaycanda fəaliyyət göstərən Serdar Şengülün BAYRAQDA MEDİA-ya verdiyi məlumata görə, heyət Azərbaycana rəsmi səfəri çərçivəsində Türkiyənin Bakıdakı Səfirliyinin Kommunikasiya Müşaviri dosent doktor Cihangir İşbilir və Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan–Şimali Kipr Türk Cümhuriyyəti Dostluq Qrupunun sədri Cavanşir Feyziyevlə görüşüb.

Meryem Özkurtla Cihangir İşbilirin görüşündə KKTC-nin Azərbaycan mediasında tanıdılmasının genişləndirilməsi, iki qardaş ölkə arasında media sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Səmimi şəraitdə keçən görüşdə Türkiyə ilə KKTC arasında mövcud olan güclü media əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə BRTK-nın direktoru Meryem Özkurtu BRTK-nın sənətçisi, KKTC-nin dövlət sənətçisi Cem Kafkas və Studiyalar üzrə koordinator müavini Ali Kurtoğlu müşayiət ediblər.

BRTK nümayəndə heyəti daha sonra Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan–Şimali Kipr Türk Cümhuriyyəti Dostluq Qrupunun sədri Cavanşir Feyziyevlə bir araya gəlib. Görüş zamanı iki qardaş ölkə arasında media əməkdaşlığının genişləndirilməsi və mədəni əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Deputat Cavanşir Feyziyev BRTK nümayəndə heyətinin V Milli Yaylaq Festivalında KKTC-ni uğurla təmsil etməsindən məmnunluğunu ifadə edərək onları təbrik edib. O, həmçinin bu ziyarətdən məmnun qaldığını bildirərək media sahəsində əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.

BRTK-nın direktoru Meryem Özkurt isə göstərilən qonaqpərvərliyə görə Cavanşir Feyziyevə təşəkkürünü bildirərək günün xatirəsinə ona hədiyyə təqdim edib. Görüş xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Onu da qeyd edək ki, qonaqlar BAYRAQDAR MEDİA-ya özəl müsahibələr də veriblər. Müsahibələr yaxın günlərdə oxuculara təqdim ediləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.