Rəşad Məmmədov: Qardaş Özbəkistanda ölkəmizi təmsil etmək böyük şərəf və məsuliyyətdir
BAYRAQDAR MEDİA – “Bu gün Özbəkistan xarici işlər naziri cənab Baxtiyor Saidova etimadnaməmin surətini təqdim etdim”.
Bunu Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov öz sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.
Paylaşımda daha sonra deyilir: “Görüşümüzdə Azərbaycan ilə Özbəkistan arasında qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gündəliyində duran məsələlər, siyasi dialoqun daha da inkişafı, ticarət-iqtisadi, investisiya, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi ətrafında səmərəli fikir mübadiləsi apardıq. İki ölkəni əsrlərə söykənən qardaşlıq əlaqələri, ortaq tarixi və mədəni köklər, eləcə də qarşılıqlı hörmət birləşdirdiyi qeyd olundu”.
“Qardaş Özbəkistanda ölkəmizi təmsil etmək böyük şərəf və məsuliyyətdir. Dövlət başçılarımızın qarşılıqlı yüksək etimada əsasında müəyyən etdikləri strateji hədəflərin həyata keçirilməsi, müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi və əməkdaşlığımızın yeni uğurlarla zənginləşdirilməsi istiqamətində səylərimi əsirgəməyəcəyəm” , – deyə paylaşımda vurğulanır.






İlk şərhi yaza bilərsiniz