Press "Enter" to skip to content

Dünya Türk Gəncləri Birliyi etiraz edir

Ahıska türklərinin yalnız türk dilində danışdıqları üçün hücuma məruz qalmaları qəbuledilməzdir

BAYRAQDAR MEDİA – “Dünya Türk Gəncləri Birliyi (DTGB) olaraq, Gürcüstanda türk dilində danışdıqları üçün bir din xadiminə və Türkiyə vətəndaşı olan iki Ahıska türkünə qarşı törədilmiş sözlü və fiziki hücum xəbərini dərin kədər və narahatlıqla öyrənmişik. Bir insanın yalnız danışdığı dilə, etnik mənsubiyyətinə və ya mədəni kimliyinə görə hədəfə alınması insan ləyaqətinə, əsas hüquq və azadlıqlara, eləcə də beynəlxalq hüququn ümumbəşəri prinsiplərinə açıq şəkildə ziddir. Bu mənfur hücumu ən sərt şəkildə qınayır, zərərçəkənlərə keçmiş olsun diləklərimizi çatdırırıq”.

Bu fikirlər DTGB-nin mətbuat üçün açıqlamasında öz əksini tapıb.

Qurumdan verilən məlumata görə, açıqlamada daha sonra deyilir: “Əldə etdiyimiz məlumata görə, hücuma məruz qalan Türkiyə vətəndaşları davam edən məhkəmə prosesi səbəbindən Gürcüstanı tərk edə bilmir və bunun nəticəsində onların sərbəst hərəkət etmək azadlığı faktiki olaraq məhdudlaşdırılır. Daha ciddi narahatlıq doğuran məsələ isə onların öz ölkələrinə qayıda bilmələri üçün şikayətlərini geri götürməyə məcbur edildikləri barədə iddialardır. Bu məlumatlar doğru olarsa, zərərçəkənlərin ədalət mühakiməsinə çıxış hüququna və sərbəst hərəkət azadlığına dolayı yolla təzyiq göstərildiyi qənaətinə gəlmək olar. Hüquqi dövlətin əsas prinsiplərindən biri zərərçəkənlərin hüquqlarını qorumaq və onları yeni mağduriyyətlərlə üz-üzə qoymamaqdır. Baş vermiş hadisə yalnız fərdi hücum kimi qiymətləndirilməməli, eyni zamanda beynəlxalq insan hüquqları normaları çərçivəsində dəyərləndirilməlidir. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 2-ci maddəsində hər kəsin dili, milliyyəti, mənşəyi və digər statusuna görə ayrı-seçkiliyə məruz qalmadan bütün hüquq və azadlıqlardan istifadə edəcəyi, 13-cü maddəsində hər kəsin olduğu ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malik olduğu, 19-cu maddəsində fikir və ifadə azadlığının təmin edildiyi, 27-ci maddəsində isə hər kəsin öz mədəniyyətini sərbəst yaşamaq və qorumaq hüququnun olduğu açıq şəkildə təsbit edilir. Türk dilində danışdığı üçün insanların hücuma məruz qalması və zərərçəkənlərin sərbəst hərəkət azadlığının faktiki məhdudlaşdırılması ilə bağlı iddialar bu ümumbəşəri prinsiplər baxımından ciddi diqqətlə araşdırılmalıdır”.

Açıqlamada həmçinin qeyd edilir ki, Ahıska türkləri tarix boyu Gürcüstanın ayrılmaz hissəsi olublar: “Lakin 1944-cü ildə həyata keçirilən deportasiya nəticəsində onlar öz tarixi yurdlarından didərgin salınıblar. Bu tarixi ədalətsizliyin aradan qaldırılması məqsədilə Gürcüstan 1999-cu ildə Avropa Şurasına üzv qəbul edilərkən Ahıska türklərinin tarixi yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin edəcək hüquqi mexanizmləri həyata keçirməyi beynəlxalq ictimaiyyət qarşısında öhdəsinə götürüb. Bu öhdəliyin davamı olaraq 2007-ci ildə “Geri Qayıdış Qanunu” (Repatriation Law) qəbul edilsə də, Gürcüstan hökuməti onu tam şəkildə tətbiq etməyib. Avropa Şurası, ATƏT (OSCE), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və digər beynəlxalq təşkilatlar uzun illərdir Ahıska türklərinin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünü dəstəkləyən fəaliyyət həyata keçirirlər. Belə beynəlxalq öhdəliklərin mövcud olduğu bir şəraitdə Ahıska türklərinin yalnız türk dilində danışdıqları üçün hücuma məruz qalmaları qəbuledilməzdir. Bu cür nifrət zəminində törədilən əməllər təkcə zərərçəkənlərə deyil, həm də birgəyaşayış mədəniyyətinə, insan hüquqlarına və Gürcüstanın beynəlxalq öhdəliklərinə zərbə vurur”.

Açıqlamada o da qeyd edilir ki, Türkiyə ilə Gürcüstan əsrlər boyu qarşılıqlı hörmət, dostluq və mehriban qonşuluq prinsipləri əsasında möhkəm münasibətlər qurmuş iki dost ölkədir: “Türk və gürcü xalqları arasında formalaşmış tarixi qardaşlıq əlaqələri ayrı-ayrı nifrət cinayətləri səbəbindən zərər görməməlidir. Baş vermiş hücumun məsuliyyəti heç bir halda gürcü xalqının üzərinə qoyula bilməz. Əksinə, bu cür təxribat xarakterli əməllər iki ölkə arasındakı dostluq münasibətlərini pozmağa yönəlmiş cəhd kimi qiymətləndirilməli və xalqlarımızın sağlam düşüncəsi sayəsində belə niyyətlərin həyata keçməsinə imkan verilməməlidir. Dünya Türk Gəncləri Birliyi olaraq Gürcüstan hakimiyyətini hadisəni törədən şəxsləri ən qısa müddətdə ədalət qarşısına çıxarmağa, nifrət cinayətləri ilə qətiyyətlə mübarizə aparmağa, zərərçəkənlərin, ilk növbədə, sərbəst hərəkət azadlığı olmaqla bütün əsas hüquqlarını təmin etməyə və Ahıska türkləri ilə bağlı beynəlxalq öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırırıq. Hesab edirik ki, təqsirkarlar barəsində veriləcək ədalətli və çəkindirici qərarlar təkcə zərərçəkənlər üçün deyil, həm də Gürcüstanda hüquqi dövlət prinsipinin möhkəmlənməsi, müxtəlif kimliklərin təhlükəsizlik şəraitində birgə yaşaması və oxşar nifrət cinayətlərinin təkrarlanmasının qarşısının alınması baxımından mühüm mesaj olacaq. Başda Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və Türk Dövlətləri Təşkilatı (TDT) olmaqla bütün beynəlxalq təşkilatları baş verən hadisələri insan hüquqları, ayrı-seçkiliyə qarşı mübarizə və hüququn aliliyi prinsipləri çərçivəsində diqqətlə izləməyə çağırırıq. İnsan ləyaqətinə, dil azadlığına, mədəni kimliyə və əsas hüquqlara qarşı yönələn hər cür hücumun qəti əleyhinə olduğumuzu bir daha bəyan edir, ədalətin gecikmədən bərqərar olmasını arzulayırıq. Türk və gürcü xalqları arasında əsrlərə söykənən dostluq və qardaşlıq nifrət cinayətlərinə və təxribatlara qurban verilməməlidir. Ədalət, insan hüquqları və qarşılıqlı hörmət regionumuzda davamlı sülhün ən möhkəm təminatıdır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.