BAYRAQDAR MEDİA – Kərkükdən gələn 30 uğurlu şagird Ərzurumda universitet rektorunun qonağı olub.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, Ərzurum Təhsil, Mədəniyyət və Uğur Proqramı çərçivəsində Kərkükdən Ərzuruma gələn 30 şagird Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlunun qonağı olub. İbtidai təhsili uğurla başa vuran və orta məktəbə keçid imtahanında yüksək nəticə göstərən şagirdlər universitetdə qəbul ediliblər.
Görüşdə Kərkük və Ərzurum arasında tarixi-mədəni əlaqələrin gənc nəsillər vasitəsilə daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Rektor tələbələrin gələcək hədəfləri ilə maraqlanıb və onları qazandıqları uğurlar münasibətilə təbrik edib. Hacımüftüoğlu bildirib ki, təhsil iki bölgə arasında mövcud olan mənəvi bağların gələcəyə daşınmasının ən mühüm vasitələrindən biridir. O, gələcəkdə bu şagirdləri Atatürk Universitetində tələbə kimi görməkdən məmnunluq duyacaqlarını deyib.
Rektor həmçinin universitetin beynəlmiləlləşmə fəaliyyəti barədə məlumat verərək, burada müxtəlif ölkələrdən ümumilikdə 13 min xarici tələbənin təhsil aldığını bildirib. Proqram çərçivəsində İraq və Türkmənistan vətəndaşı olan tələbələr də görüşdə iştirak ediblər.






İlk şərhi yaza bilərsiniz