BAYRAQDAR MEDİA – “Bu il də bu xeyriyyə yarmarkası əldə olunan gəlirin bir uşağın sabahına işıq olması düşüncəsi və məqsədi ilə təşkil olunub. Yeni tədris ili başlayır. Biz də övladlarımızı, uşaqlarımızı gücümüz çatdığı qədər dəstəkləməyə çalışırıq. Təbii ki, daha böyük tədbirlər görmək lazımdır. Amma burada imkanlarımız daxilində bu gözəl balalarımızı bu gün məktəb geyimləri və çantalarla təmin etmiş olacağıq”.
Bunu Gəncliyə Yardım Fondunun Prezidenti Salih Zeki Meric Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan “Bir uşağın sabahına işıq ol” adlı ənənəvi 22-ci Əl İşləri Xeyriyyə Sərgisinin yekun mərhələsi – hədiyyələrin təqdimat mərasimindəki çıxışında deyib.
O qeyd edib ki, uşaqların qəlbindəki sevinc, xoşbəxtlik dünyalara dəyər: “Nur üzlü uşaqlarımız, gənclərimiz – bunlar Azərbaycanın, Türk dünyasının və bəşəriyyətin gələcəyi kimi qarşımızda dayanırlar. Bu uşaqların hər biri vətənpərvər, insanları, ölkəsini, dövlətini və millətini sevən ruhda böyüyüblər. Biz də onların bu yaşlarında belə gözəl bir məkanda dəyərli böyüklərimizlə birlikdə bir arada olduq. Düşünürəm ki, onların həyat hekayələrinə gözəl bir toxunuş etmişik və inşallah, bu proqramı da bu şəkildə həyata keçirmiş olacağıq”.
“İnşallah, Azərbaycanın və Türk dünyasının gələcəyi olan bu gənclərimizə daim sahib çıxacağıq. Ümummilli liderimiz Heydər Əliyevin ortaya qoyduğu siyasətin, eləcə də bu siyasəti davam etdirən Prezidentimiz İlham Əliyevin uşaqlara və gənclərə nə qədər böyük diqqət və qayğı göstərdiyinin fərqindəyik. Bu düşüncə və şüurla bildiririk ki, bu gənclərimizə bu gün, sabah, gələcəkdə və hər zaman sahib çıxacağıq”-, deyə Salih Zeki Meric əlavə edib.






İlk şərhi yaza bilərsiniz