BAYRAQDAR MEDİA – “Uşaqlara göstərilən diqqət və qayğı onların həyatında mühüm rol oynayır”.
Bunu “Ümid yeri” Uşaq Sığınacağının rəhbəri Nigar Mənsimova Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan “Bir uşağın sabahına işıq ol” adlı ənənəvi 22-ci Əl İşləri Xeyriyyə Sərgisinin yekun mərhələsi – hədiyyələrin təqdimat mərasimindəki çıxışında deyib.
O, “Bir uşağın sabahına işıq ol” təşəbbüsünün uşaqlara sevinc bəxş etməklə yanaşı, cəmiyyətin diqqətini onların ehtiyaclarına yönəltməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb: “İlk növbədə, xeyriyyə yarmarkasını təşkil edən, xeyirxah fəaliyyət üçün böyük əmək sərf edən və bu işdə böyük zəhmət çəkən xanımlara təşəkkür etmək istəyirəm. Əziz xanımlara təşəkkür edirəm. Çünki onlar uşaqlarımızın gələcəyinə və təhsilinə töhfə vermək üçün böyük zəhmət çəkib və ortaya çox gözəl bir proqram qoyublar. Bunlar uşaqlarımızı daha yaxşı oxumağa və daha uğurlu olmağa təşviq edən vasitələrdən biridir. Uşaqlar başa düşəcəklər ki, əgər böyüklər bizimlə bağlı belə qayğı və diqqətlə yanaşırlarsa, bizim də bunun qarşılığında daha yaxşı oxumağımız, daha uğurlu olmağımız lazımdır”.
“İnanıram ki, bizim ümidimiz olan uşaqlarımız, Azərbaycanın ən gözəl ocaqlarından birində, ən yaxşı, ən xeyirxah və ən gözəl uşaqların yetişdiyi bu məkanda sizin göstərdiyiniz diqqət və qayğının qarşılığı olaraq təhsillərində də böyük uğurlar əldə edəcəklər və gələcəklərini daha möhkəm şəkildə təmin edəcəklər”-, deyə N.Mənsimova qeyd edib.






İlk şərhi yaza bilərsiniz