BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Sumqayıt Reabilitasiya Mərkəzində Azərbaycanın deflimpiya cüdoçuları Çoşqun Əliyev və Aydın Əzizovla görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “Azərbaycan idmançıları bir müddət əvvəl İsveçrənin Lozanna şəhərində keçirilən turnirdə uğurlu nəticə göstərərək (Çoşqun Əliyev qızıl, Aydın Əzizov gümüş medal) medallara layiq görülüblər. Tədbir iştirakçıları bu nailiyyətlər münasibəti ilə cüdoçuları təbrik edib, onlara idman karyeralarında uğurlar arzu ediblər. Sonra qonaqlar Sumqayıt Reabilitasiya Mərkəzində göstərilən reabilitasiya xidmətlərinin bərpa prosesindəki rolu barədə fikirlərini bölüşüb, idmana olan marağları və əldə etdikləri nailiyyətlərdən danışıblar”.
Qeyd edilib ki, idmançıların uğur hekayələri əlilliyi olan şəxslərin öz potensiallarına inamının artırılmasına və cəmiyyətin həyatında fəal iştirakının təşviqinə mühüm töhfə verir.










İlk şərhi yaza bilərsiniz