Press "Enter" to skip to content

Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüş

Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüş

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dankan Normanla görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə Azərbaycan – Böyük Britaniya münasibətlərinin inkişafı, enerji tərəfdaşlığının neft-qaz sektorundan təmiz enerji, dekarbonizasiya və elektrik enerjisi bağlantılarına qədər genişlənməsi məmnunluqla qeyd edilib. Cəbrayılda bp ilə həyata keçirilən günəş enerjisi layihəsi və neft-qaz infrastrukturunun elektrikləşdirilməsi enerji tərəfdaşlığının yeni mərhələsinin mühüm nümunələri kimi dəyərləndirilib”.

Ardınca xəbərdə, “görüşdə yaşıl enerji dəhlizləri və interkonnektorlar üzrə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin inkişafı, texniki-iqtisadi əsaslandırmanın nəticələri, layihəyə beynəlxalq maraq barədə məlumat verilib. Layihənin növbəti mərhələləri üzrə ekspert səviyyəsində müzakirələrin davam etdirilməsi və Britaniya şirkətlərinin bu prosesdə iştirak imkanları nəzərdən keçirilib. Təmiz enerjiyə keçid sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu çərçivəsində görülən işlər, qarşılıqlı səfərlər və məlumat mübadiləsinin nəticələri müsbət qiymətləndirilib” deyə qeyd edilir.

Həmçinin Hökumətlərarası Komissiyanın 8-ci iclasına hazırlıq, müzakirə olunacaq məsələlər və müxtəlif sahələr üzrə imzalanması planlaşdırılan sənədlər barədə fikir mübadiləsi aparılıb. Enerji, ticarət və investisiya sahələrində Azərbaycan-Böyük Britaniya tərəfdaşlığının yeni layihələrlə daha da genişləndirilməsi üçün qarşılıqlı fəaliyyətin davam etdirilməsi razılaşdırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.