Press "Enter" to skip to content

“Muzey və arxiv mənbəşünaslığı” monoqrafiyası nəşr olunub

“Muzey və arxiv mənbəşünaslığı” monoqrafiyası nəşr olunub

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyevin “Muzey və arxiv mənbəşünaslığı” adlı monoqrafiyası işıq üzü görüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “giriş, XII fəsil və ədəbiyyat siyahısından ibarət olan elmi-tədris xarakterli əsərdə tarix elmi, mənbəşünaslıq, arxiv işi və muzeyşünaslığın qarşılıqlı əlaqələri sistemli şəkildə araşdırılır. Monoqrafiyada tarixi informasiyanın əldə olunması, yoxlanılması və elmi dövriyyəyə daxil edilməsində muzey və arxiv mənbələrinin rolu, onların təsnifatı və tənqidi təhlili məsələləri geniş şəkildə təqdim edilir. Kitabda muzey əşyaları, yazılı sənədlər, foto və audiovizual materiallar, şəxsi fondlar, kolleksiyalar və digər sənəd komplekslərinin informasiya imkanları onların mənşəyi, yaradılma şəraiti, müəllifliyi, tarixi konteksti və qorunma xüsusiyyətləri baxımından nəzərdən keçirilir. Müəllif mənbələrin yalnız informasiya daşıyıcısı kimi deyil, müəyyən tarixi şəraitdə formalaşmış obyekt kimi öyrənilməsinin əhəmiyyətini diqqətə çatdırır”.

Ardınca xəbərdə, “əsərdə mənbələrin xarici və daxili tənqidi prinsiplərinə də xüsusi yer verilir. Sənədlərin autentikliyinin müəyyənləşdirilməsi, müəlliflik və tarixləndirmə məsələləri, məlumatların etibarlılıq səviyyəsinin qiymətləndirilməsi, müxtəlif mənbələrin müqayisəli təhlili kimi mövzular mənbəşünaslığın metodoloji əsasları ilə əlaqələndirilir. Muzey və arxiv materiallarının qarşılıqlı tamamlayıcı mənbə kompleksləri kimi təqdim olunması əsərin əsas elmi istiqamətlərindən birini təşkil edir. Monoqrafiyada nəzəri müddəalarla yanaşı, muzey fondlarının komplektləşdirilməsi, elmi təsviri və atributlaşdırılması, arxiv sənədlərinin sistemləşdirilməsi və elmi istifadəyə hazırlanması kimi praktiki məsələlər də mənbəşünaslıq prinsipləri əsasında şərh olunur” deyə bildirilir.

Xəbərdə həmçinin deyilir ki, “müəllif əsərində terminoloji ardıcıllığın qoruyaraq, anlayışların bir-biri ilə məntiqi şəkildə əlaqələndirib və materialın elmi üslubda təqdim edib. Monoqrafiyada, həmçinin mövzunun xarakteri nəzərə alınaraq bəzi bölmələrdə müasir rəqəmsal arxivlər, elektron fond sistemləri, rəqəmsallaşdırılmış muzey kolleksiyaları və elektron mənbələrin autentikliyinin qiymətləndirilməsi məsələləri geniş işıqlandırılıb. Kitabın elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, rəyçiləri isə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Tahirə Həsənzadə və İstanbul Universitetinin professoru Selçuk Aydındır. Kitab ali məktəblərdə, muzey və arxiv sahəsində çalışan mütəxəssislər üçün dəyərli elmi-metodiki mənbədir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.