Press "Enter" to skip to content

Bakıda üç ölkə arasında iqtisadi əməkdaşlıq müzakirə olunub

Tədbir zamanı

TABA-AmCham Eurasia Investment & Networking Summit 2026 investisiya imkanlarının və strateji tərəfdaşlığın genişləndirilməsinə həsr olunub

BAYRAQDAR MEDİA – Oktyabrın 22-də Bakıda Türkiyə, Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, investisiya imkanlarının dəyərləndirilməsi və yeni işgüzar tərəfdaşlıqların qurulması məqsədilə TABA-AmCham Eurasia Investment & Networking Summit 2026 keçirilib.

“Caspian Bridge Summit – Xəzər Körpüsü Zirvəsi” konsepsiyası əsasında təşkil olunan tədbir dövlət qurumlarının nümayəndələrini, Milli Məclisin deputatlarını, diplomatları, investorları və sahibkarları bir araya gətirib. Zirvə TABA-AmCham-ın Azərbaycan/Bakı nümayəndəliyinin ev sahibliyi, Türkiyənin Bakıdakı səfirliyinin əməkdaşlığı, Azərbaycan İqtisadiyyat Nazirliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) dəstəyi ilə təşkil olunub.

Tədbirdə enerji, müdafiə sənayesi, aviasiya, texnologiya, logistika, maliyyə, turizm və rəqəmsal transformasiya sahələrində investisiya imkanları, eləcə də üç ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Zirvənin açılışında TABA-AmCham-ın Azərbaycan/Bakı nümayəndəsi, QSA şirkətinin təsisçisi və direktoru, ISO baş auditoru Qızılı Seyidova iştirakçıları salamlayıb. O, tədbirin üç ölkənin işgüzar dairələri arasında əlaqələrin möhkəmləndirilməsinə və qarşılıqlı investisiya imkanlarının genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Tədbirdə TABA-AmCham İdarə Heyətinin sədri Süleyman Ecevit Sanlı, Milli Məclisin deputatları Vüqar İskəndərov, Naqif Həmzəyev və Razi Nurullayev, eləcə də ASK sədrinin müavini Vüqar Zeynalov iştirak ediblər. Zirvənin əsas sessiyalarından biri “Caspian Bridge – Qlobal İnvestisiyalar, Texnologiya, Ticarət və Strateji Əməkdaşlıq” mövzusunda panel olub. AZAGROMİLA şirkətinin baş direktoru Ramazan Karaşahinin moderatorluğu ilə keçirilən müzakirələrdə regional iqtisadi inkişaf, ticarət dəhlizləri və strateji sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Paneldə TABA-AmCham İdarə Heyətinin üzvü və Gömrük və Logistika Komitəsinin sədri Murat Doğan, Mədənçilik və Enerji Komitəsinin sədri Zeynep Hilal Doy, Müdafiə, Aviasiya və Kosmik Sənaye Komitəsinin sədri Mert Ünsal, İnformasiya Texnologiyaları Komitəsinin sədr müavini Atakan Çetintaş və Adatech şirkətinin nümayəndəsi Zeynep Cıgal çıxış ediblər.

Müzakirələrdə Xəzər regionunun strateji əhəmiyyəti, enerji və mədənçilik sahələrinə investisiyalar, texnoloji yeniliklər, rəqəmsal transformasiya və beynəlxalq bazarlara çıxış imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Zirvə çərçivəsində şirkətlərarası (B2B) və bizneslə dövlət qurumları arasında (B2G) əməkdaşlığın inkişafı imkanları da müzakirə edilib. İştirakçılar potensial tərəfdaşlarla əlaqələr qurmaq, investisiya imkanlarını qiymətləndirmək və yeni ticarət münasibətlərinin əsasını qoymaq imkanı əldə ediblər.

Tədbirin mədəni proqramında azərbaycanlı müğənni Elvin Abdullayevin ifaları və milli xalq rəqsləri təqdim olunub. Bu çıxışlar Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirməklə yanaşı, Türkiyə ilə Azərbaycan arasındakı tarixi və mədəni əlaqələri də ön plana çıxarıb.

Zirvənin baş sponsoru Ekinə təşkilata verdiyi dəstəyə görə TABA-AmCham-ın korporativ lövhəsi təqdim edilib. Digər sponsorlara, o cümlədən 7 TESLA, Fibrotech Construction, QSA, Growth Consulting Services, AzAgromila, PASSO, GODIVA, SİRAB, Radio Enerji, Aba Travel və digər tərəfdaş şirkətlərə töhfələrinə görə təşəkkür sertifikatları verilib.

Təşkilat tədbirin keçirilməsinə dəstək göstərən Türkiyənin Bakıdakı səfirliyinə, ASK-ya, deputatlara, çıxışçılara və bütün tərəfdaşlara minnətdarlığını bildirib.

1987-ci ildə təsis edilən TABA-AmCham Türkiyə ilə ABŞ arasında ticarət və iqtisadi əlaqələrin inkişafına, beynəlxalq investisiyaların təşviqinə və işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir. “Caspian Bridge” konsepsiyası çərçivəsində keçirilən zirvə Türkiyə, Azərbaycan və ABŞ arasında iqtisadi münasibətlərin möhkəmləndirilməsi, Avrasiya bazarlarında yeni imkanların yaradılması və beynəlxalq işgüzar tərəfdaşlıqların inkişafı baxımından əhəmiyyətli platforma olub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.