Press "Enter" to skip to content

Güllarə Pənahova: Öyrənmək və inkişaf etmək üçün yaş məhdudiyyəti yoxdur

Sertifikat təqdim edilərkən

BAYRAQDAR MEDİA – QHT-lərin bilik və bacarıqlarının artırılması vətəndaş cəmiyyətinin inkişafı, sosial problemlərin həllinə peşəkar yanaşmanın formalaşması və təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Lənkəranda keçirilən “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” iştirakçılar üçün faydalı təcrübə mübadiləsi platforması olub.

Bunu “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyinin sədri Güllarə Pənahova 15–17 oktyabr 2026-cı il tarixlərində keçirilən proqramla bağlı açıqlamasında bildirib.

O qeyd edib ki, üçgünlük təlim zamanı layihələrin planlaşdırılması, ehtiyacların müəyyənləşdirilməsi, problemlərin əsaslandırılması, statistik məlumatlardan istifadə, nəticələrin qiymətləndirilməsi, ictimaiyyətlə effektiv ünsiyyət və büdcənin hazırlanması ilə bağlı faydalı biliklər əldə edilib.

Güllarə Pənahova vurğulayıb ki, bu cür təlimlər QHT-lərin fəaliyyətinin daha səmərəli qurulmasına, layihələrin keyfiyyətinin yüksəldilməsinə və sosial problemlərin həllinə peşəkar yanaşmanın formalaşmasına töhfə verir.

Onun sözlərinə görə, mübadilə proqramları yalnız yeni biliklərin əldə olunması deyil, həm də təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsi və gələcək birgə təşəbbüslərin formalaşdırılması baxımından əhəmiyyətlidir.

İctimai Birliyin sədri proqramda iştirakçılar üçün yaş məhdudiyyətinin qoyulmamasını da müsbət qiymətləndirib. O bildirib ki, insan yaşından asılı olmayaraq öyrənməyə, özünü inkişaf etdirməyə və yeniliklərə açıq olmağa davam etməlidir.

G.Pənahova əlavə edib ki, belə yanaşma nəsillərarası dialoqun güclənməsinə, bilik və təcrübənin qarşılıqlı ötürülməsinə şərait yaradır. Gənclərin yeni texnologiyalar və müasir yanaşmalar sahəsində bilikləri ilə yaşlı nəslin həyat və fəaliyyət təcrübəsinin birləşməsi daha böyük uğurların əldə olunmasına imkan verir.

O, proqram çərçivəsində qazanılan biliklərin gələcək layihələrin hazırlanmasında və təşkilatın fəaliyyətinin daha səmərəli qurulmasında faydalı olacağına inandığını bildirib.

Güllarə Pənahovanın sözlərinə görə, belə tədbirlərin dəyəri yalnız yeni biliklərlə məhdudlaşmır. Fərqli fikirlər və yeni baxış bucaqları iştirakçılara məsələlərə başqa cür yanaşmaq, öz fəaliyyətlərini təkmilləşdirmək və yeni imkanları dəyərləndirmək imkanı verir.

“İnsanın öyrənmə yolu heç vaxt bitmir. Əsas məsələ yaşımız deyil, öyrənməyə və dəyişməyə nə dərəcədə açıq olmağımızdır”, – deyə G.Pənahova vurğulayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.