BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Dos. Knyaz Aslanın “Xaqani Şirvaninin yaradıcılığında elm, mütaliə və kitab mədəniyyəti” mövzusunda elmi seminarı keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tədbiri giriş sözü ilə açan MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Prezidentin Sərəncamını xatırladıb. Direktor bu münasibətlə AMEA-da müxtəlif mövzularda tədbirlərin təşkil olunduğunu bildirərək MEK-də keçirilən seminarın şairin zəngin yaradıcılığının daha dərindən öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb. MEK rəhbəri həmçinin ötən aylarda X.Şirvaninin yaradıcılığına həsr olunmuş virtual və ənənəvi sərgilərin kitabxana istifadəçilərinə təqdim edildiyini nəzərə çatdırıb. Daha sonra məruzə ilə çıxış edən K.Aslan orta əsrlər Azərbaycanında kitab mədəniyyəti tarixinin öyrənilməsində əlyazma kitabların, kitabxanaların və kitab köçürmə mərkəzlərinin fəaliyyətinin araşdırılması ilə yanaşı, dövrün şair, alim və mütəfəkkirlərinin kitab, bilik, mütaliə və yazılı söz haqqında düşüncələrinin də mühüm mənbə olduğunu bildirib. O, X.Şirvaninin irsinin tədqiqinin Azərbaycanın tarixi, kitab və elm mühitini, eləcə də biliklərin əldə edilməsi, mənimsənilməsi və gələcək nəsillərə ötürülməsi kimi ümumbəşəri dəyərlərin köklərini daha dərindən anlamağa imkan verdiyini vurğulayıb”.
Daha sonra xəbərdə, “məruzəçi şairin həyatı və intellektual formalaşması, yaradıcılığının ilkin mərhələsində saray mühitinin rolu, həbs həyatı, mənəvi dünyası, şəxsi faciələri, Şirvandan ayrılması və ömrünün son illəri haqqında ətraflı məlumat verib. K.Aslan X.Şirvaninin zəngin ədəbi-mədəni mühitdə yetişdiyini diqqətə çatdıraraq bildirib ki, şairin əsərlərində fəlsəfə, ilahiyyat, tibb, astronomiya, tarix, fiqh, riyaziyyat, musiqi, memarlıq və təsviri sənət kimi müxtəlif sahələrə aid bilik və anlayışlar əksini tapıb. Qeyd olunub ki, şairin 1156-cı ildə qələmə aldığı “Töhfətül-İraqeyn” əsərində rəqəmlər və poetik ifadələr vasitəsilə dünyanın quruluşu, insanın idrak imkanları və varlığın əsasları ilə bağlı təsəvvürlərə toxunulur. X.Şirvaninin təhsil və mütaliə təcrübəsi müəllimin şəxsiyyətin formalaşmasındakı rolunu, kitabxanaların bilik əldə etmək üçün yaratdığı imkanları, mütaliənin düşüncə ilə tamamlanmasının əhəmiyyətini və müxtəlif bilik sahələri arasındakı əlaqələri ön plana çıxarır” deyə diqqətə çatdırılır.
Sonda MEK-in Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev, Kitabxana xidməti üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, Dos. Şəhla Quliyeva, elmi katib Şəbnəm Rüstəmova və digər iştirakçılar şairin yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.






İlk şərhi yaza bilərsiniz