Press "Enter" to skip to content

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktik konfransı

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktik konfransı

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetində (BDU) Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan radiosu – 100: milli yaddaşdan rəqəmsal mediaya” mövzusunda Respublika elmi-praktik konfransı öz işinə başlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “konfransın açılış mərasimində çıxış edən BDU rektoru Elçin Babayev Azərbaycan xalqının ictimai-mədəni həyatında mühüm yer tutan Azərbaycan radiosunun 100 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib, konfransın işinə uğurlar arzulayıb. Rektor Azərbaycan radiosunun 100 illik yubileyinin məhz BDU-da qeyd olunmasının təsadüfi olmadığını bildirib: “Azərbaycan radiosunun təşəkkülü və inkişafı BDU ilə sıx bağlıdır. Radionun ilk əməkdaşları, o cümlədən ilk diktorlarının əksəriyyəti Bakı Darülfünununun, yəni BDU-nun məzunları olublar. Onlar Azərbaycan radiojurnalistikasının peşəkar ənənələrinin formalaşmasına mühüm töhfələr veriblər. BDU uzun illər radio və televiziya üçün ixtisaslı jurnalist kadrlarının hazırlanmasında aparıcı rol oynayıb. Bununla yanaşı, radio və televiziya jurnalistikasının nəzəri və praktik problemlərinin elmi baxımdan araşdırılmasında BDU-nun Jurnalistikası fakültəsinin alimləri mühüm xidmətlər göstəriblər”. Azərbaycan radiosunun tarixinə həsr olunmuş videoçarx nümayiş olunub”.

Sonra xəbərdə, “Media və Yayım Şurasının sədri Əhməd İsmayılov qeyd edib ki, Azərbaycan radiosu milli yaddaşın və mədəni irsin etibarlı qoruyucularından biridir. Şura sədri rəqəmsallaşmanın radionun ənənəvi funksiyalarını aradan qaldırmadığını, əksinə, yeni imkanlarla zənginləşdirdiyini bildirib. Onun sözlərinə görə, podkastlar, onlayn yayımlar, rəqəmsal platformalar və intellektual audiosistemlər radionun auditoriya ilə əlaqəsini yeni keyfiyyət mərhələsinə yüksəldir. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov vurğulayıb ki, Azərbaycan radiosu milli düşüncənin və dövlətçilik ideologiyasının qorunmasında mühüm missiya daşıyır. O, Azərbaycan radiosunun ölkənin taleyüklü tarixi hadisələrinin işıqlandırılmasında da mühüm rol oynadığını diqqətə çatdırıb. R.Məmmədov torpaqların işğalı dövründə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında, atəşkəs haqqında sazişin imzalanması və digər mühüm tarixi hadisələrin işıqlandırılmasında, eləcə də 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycanın qələbə xəbərlərinin ictimaiyyətə ötürülməsində radionun rolunu vurğulayıb. Müasir dövrdə fiziki müharibənin ideoloji müstəvidə davam etdiyini qeyd edən QSC sədri milli maraqların, ana dilinin, milli düşüncə və ideologiyanın qorunmasının vacibliyini diqqətə çatdırıb. Konfransda BDU-nun tələbə jurnalistlərinin Azərbaycan radiosu haqqında hazırladıqları radiopaket təqdim edilib. Sonda BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii hissə nümayiş olunub” deyə diqqətə çatdırılır.

Konfrans öz işini iki gün ərzində bölmə iclasları ilə davam etdirəcək. “Azərbaycan radiosu: tarixi inkişaf və milli yaddaş”, “Radiojurnalistikanın elmi-nəzəri və metodoloji problemləri”, “Çağdaş radioyayım: rəqəmsal transformasiya, ənənə və müasir çağırışlar” adlı bölmələrdə alimlərin, tədqiqatçıların, doktorant və magistrantların məruzələri dinləniləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.