Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirkaçıları Gəncəyə yola düşüb
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, noyabrın 5-6-da Gəncə şəhərində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçiriləcək. “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan forum çərçivəsində QHT sektorunun inkişafı, təşkilatlararası əməkdaşlığın gücləndirilməsi, rəqəmsallaşma və süni intellekt imkanlarından istifadə, eləcə də milli maraqların qorunmasında vətəndaş cəmiyyətinin rolu müzakirə olunacaq.
Qeyd edək ki, artıq forumun iştirakçısı olan QHT təmsilçiləri Gəncəyə yola düşüb.
QHT Agentliyinin məlumatına əsasən, Forumun ilk günü iştirakçılar Nizami Gəncəvinin məqbərəsini və Gəncə Memorial Kompleksini ziyarət edəcəklər. Proqram çərçivəsində iştirakçılar AzFar stadionunda keçiriləcək amputant futbol yarışına da baxacaqlar. Günün sonunda isə “Sabaha doğru” filminin təqdimatı, şam yeməyi və musiqili proqram təşkil olunacaq. İştirakçılar Gəncə Dövlət Simfonik Orkestrinin konsertini də izləyəcəklər.
Noyabrın 6-da forumun açılış mərasimi keçiriləcək. Həmin gün, həmçinin sərgi təşkil olunacaq. Sərginin təşkilində “Səyahət Turizminin İnkişafına Dəstək” İctimai Birliyi və Gilavar Foto Klubu iştirak edəcək.
Məlumata görə, Forum çərçivəsində üç istiqamət üzrə panel müzakirələrinin keçirilməsi nəzərdə tutulur.
Panellərdə QHT-lərin sosial media, rəqəmsallaşma və süni intellekt bacarıqları, Azərbaycan QHT-lərinin milli maraqların qorunmasındakı rolu, eləcə də Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) irsinin QHT təşəbbüslərində yaşadılması məsələləri müzakirə ediləcək.
Tədbirin bədii hissəsindən sonra iştirakçılar Bakı şəhərinə yola düşəcəklər.






İlk şərhi yaza bilərsiniz