Press "Enter" to skip to content

Doktor Fazıl Küçüyün məzarı önündə mərasim keçirilib

Ziyarət zamanı

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) yaranmasının 43-cü ildönümü münasibətilə xalqın azadlıq və varlıq mübarizəsinin liderlərindən biri, doktor Fazıl Küçüyün məzarüstü abidəsi önündə anım mərasimi təşkil olunub.

Bu barədə gundemkibris.com saytı məlumat yayıb.

Bildirilib ki, mərasimdə KKTC Cümhurbaşqanı Tufan Erhürman, Cümhuriyyət Məclisinin sədri Ziya Öztürkler, Baş nazir Ünal Üstel, Ali Məhkəmənin sədri Bertan Özerdağ, ölkənin ikinci prezidenti Mehmet Ali Talat, Türkiyənin Lefkoşadakı səfiri Ali Murat Başçeri, Kipr Türk Sülh Qüvvələrinin komandanı general-leytenant Ertan İnaltekin və Təhlükəsizlik Qüvvələrinin komandanı general-mayor Şükrü Bilir iştirak ediblər.
Tədbirə müxalif Cümhuriyyətçi Türk Partiyasının sədri Sıla Usar İncirli, nazirlər, deputatlar, bələdiyyə sədrləri, hərbi və mülki rəsmilər, müxtəlif təşkilatların nümayəndələri və vətəndaşlar da qatılıblar.

Mərasim abidə önünə əklil qoyulması ilə başlayıb. Bir dəqiqəlik sükutdan və İstiqlal Marşının səsləndirilməsindən sonra bayraqlar qaldırılıb. Daha sonra prezident Tufan Erhürman xatirə kitabını imzalayıb.

Erhürman xatirə kitabındakı qeydində doktor Fazıl Küçüyün Kıbrıs türk xalqının azadlıq və varlıq mübarizəsinə bütün ömrünü həsr etdiyini, xalqın səsinə, inamına və vicdanına çevrildiyini vurğulayıb. O, Küçüyün ən çətin dövrlərdə xalqın yanında olduğunu və qoyduğu irsin bu gün də gələcəyə aparan yolu işıqlandırdığını bildirib.

Qeyd edib ki, KKTC-ni demokratiya və hüququn aliliyi prinsipləri əsasında yaşatmaq, xalqın layiq olduğu rifah və sülh dolu gələcəyi təmin etmək onların ən böyük məsuliyyətidir. Erhürman bu yolda doktor Fazıl Küçüyün göstərdiyi istiqamətdə çalışmağa davam edəcəklərini vurğulayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.