Press "Enter" to skip to content

Erməni xislətinin ən yaxşı sübutu: Ağdamın qalıqları – VİDEO/FOTOLAR

Ağdam Cümə məscidinin uzaqdan görüntüsü. Bu görüntü də Ağdamın nə günə salındığını göstərmək üçün yetərlidir.

Son yeniləmə: 22 Mart 2021 17:33

Xurşudbanu Natəvanın da uyuduğu bu müqəddəs yer də viran qoyulub

Azər HƏSRƏT, @azerhasret

Onda – 1993-cü ildə tələbəydim. Bakı Dövlət Universitetinin 1-ci kursunu bitirib doğma kəndimə – Dədəliyə (Xaçmaz) qayıtmışdım. Yay aylarını orada keçirib sentyabrda Bakıya dönəcək, yenidən dərslərimə davam edəcəkdim. 1-ci kursda universitetin yataqxanasına yerləşmişdim və arxayındım ki, payızda geri dönüb orada qalmağa davam edəcəyəm…

Ovaxtkı Prezident Əbülfəz Elçibəyin dəvətilə ölkəni idarə etmək üçün Bakıya dönmüş Heydər Əliyev dövləti yeni-yeni sahmana salırdı. Lakin çox ləng gedirdi işlər. Sadəcə mümkün deyildi. Bir tərəfdən Ermənistanın təcavüzü, digər tərəfdən də Azərbaycanın sürükləndiyi iç qarışıqlıq hətta bu təcrübəli dövlət adamının belə çevik davranmasına əngəl olurdu. Buna baxmayaraq o, yorulmadan çalışır, ölkəni mümkün qədər tez xaosdan çıxarıb inkişaf yoluna yönəltmək istəyirdi. Qarmaqarışıqlıq işğalçı düşmən üçün əlavə fürsət idi. Ona görə də Ermənistan dinc durmur, əksinə, hücumlarını – işğal ərazilərini genişləndirirdi.

Nəticədə Dağlıq Qarabağ ətrafındakı bir neçə rayon da Ermənistan tərəfindən işğal edildi. 1993-cü ilin 23 iyulunda Ağdam şəhəri də daxil olmaqla bu rayonun çox böyük bir hissəsi düşmən əlinə keçdi.

…Həmin il avqustun sonunda Bakıya qayıtdım. Şəhərə çatınca birbaşa BDU-nun yataqxanasına yollandım ki, öz otağıma yerləşim. 4-cü qatdakı dəhlizə qalxıb otağıma yanaşdım. Qapını açmağa çalışdım, açılmadı. Bir az duruxdum. Bu vaxt içəridən səs gəldi və qapı açıldı. Qarşımda gənc bir xanım dayanmışdı. Bugünkü kimi yadımdadır: solğun, lakin gözəl üzü vardı. Dərdli görünürdü. Sınıxmışdı, amma gözəldi. Düz üzümə baxırdı. Quruyub qalmışdı. Söz deyə bilmirdi. Mən də onun kimi donub qalmışdım. Bir anlıq üzünə baxıb gözlərimi qaçırdım. Sonra özümü toparlayıb, “xanım, bura mənim otağımdır” deyə bildim. O da nə olduğunu anlamışcasına, “hə, bu otaqda siz qalmısınız? Mən əşyalarınızı yığmışam, indi gətirirəm”, – deyib geri döndü. Əlində mənim çemodanımla geri döndü. “Buyurun”, – deyib yenə də eyni donuq baxışlarını üzümə zillədi. Bu dəfə mən də onun üzünə baxdım. Gözlərinin dərinliyinə enib orada nə qədər böyük bir kədərin gizləndiyini sezməmək mümkün deyildi. Bunu gördüm və anladım. Ona görə də heç nə demədən çemodanımı aldım, təşəkkür edib oradan ayrıldım…

Sonrakı illər ərzində nəyə görəsə mənə elə gəlirdi ki, o xanım Ağdamlıdır. Qarabağlı və köçkün olması şübhəsizdi. Amma nəyə görə Ağdamlı olduğu qənaətinə gəlmişdim? Bunu bu günə kimi də anlamıram. Nə o haralı olduğunu demişdi, nə də mən bunu soruşmuşdum…

Ağdam mənim yaddaşıma həm də bu xatirə ilə hopmuşdu. O Ağdam ki, 1993-cü ildən sonra uzun müddət Ermənistanın işğalı altında qaldı. Qaldıqca da ağ damları qara günə qoyuldu. Yıxıldı, dağıdıldı, yandırıldı, yer üzündən silinməsinə çalışıldı. Və günün birində Azərbaycan xalqı da, dövləti də özünə gəldi, belini dikəltdi və 20 noyabr 2020-ci il etibarilə ordumuzun gücü qarşısında daha duruş gətirə bilməyən düşmən öz xoşuyla Ağdamdan da çəkilib getməli oldu.

İndi Ağdam azaddır. Qarabağın digər torpaqları kimi ora da dövlətimizin nəzarəti altındadır. Biz artıq oralarda yenidənqurma işlərinə də başlamışıq. Lakin bu iş bir az ləngiyəcəyə də bənzəyir. Çünki düşmən gedərkən arxasınca minlərlə kv km minalanmış ərazi buraxıb. Bu ərazini təmizləməksə xeyli vaxt alacaq. Ağdam da həmin ərazilərdən biridir.

…13 mart 2021-ci ildə Azərbaycan Prezidentinin tapşırığı, onun köməkçisi Hikmət Hacıyevin müşayiətilə bir qrup ictimai fəal və jurnalist olaraq Ağdama yollandıq. Həyəcanlıydıq. Düşmən tapdağından azad edilmiş torpağımızda nə görəcəkdik? Bilirdik ki, oralar darmadağındır. Hətta təxminlərimiz də vardı. Lakin yenə də görəcəklərimiz maraqlı idi.

Gəldik. Ağdamın işğaldan azad edilmiş hissəsinə nəzarət postundan daxil olduq. Dərhal da arxada buraxıb gəldiyimiz abad, səliqəli, baxımlı ərazilər öz yerini bayquş ulayan xarabalıqlara verdi. Nəinki tikililər, torpaq belə dağım-dağımdı burda. Yol boyu gördüyümüz mənzərə içimizi ağrıtmaya bilməzdi. İşğalçı Ermənistanın ordusu ətrafda hər yeri qazıb tökmüşdü. Blindajlar, səngərlər, istehkamlar burada böyük müharibə hazırlığının olmasından xəbər verirdi. O gözəl, verimli torpaqlarımızı bunlar yenidən qan çanağına çevirmək üçün hazırlıqlar görmüşdülər. Bunu görüncə düşündüm ki, nə yaxşı biz Ermənistanı gücümüzlə hesablaşmağa, dinc yolla Ağdamdan çəkilib getməyə məcbur edə bildik. Yoxsa bütün bu hazırlıqlar sonucu itkilərimiz çox böyük ola bilərdi. Demək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin zəkasına güvənməkdə səhv etməmişik!

Ağdam şəhərinə gedən yolun üzərindəki yaşayış məntəqələrinin yerində sadəcə xarabalıqlar qalıb. Örnək üçün belə tək bir sağlam bina yoxdur. Nəinki sağlam bina, heç üstündə damı olan, yaxud da heç olmasa divarları yerində olan tikili gözə dəymir. Baxdıqca ürək ağrıdan mənzərədir. Əksər evlərin içində çoxillik kollar və ağaclar boy verir. Bir zamanlar xoşbəxt gülüşlərin eşidildiyi o divarların arasından indi kolkos, ağac-uğac boylanır. İnsan hənirtisini çoxdan yadırğayıb buralar. Elə ilk baxışdan anlaşılır ki, buralarda uzun illərdir insan yaşamayıb, heç yaşamağa da hazırlaşmayıb. Dərhal hiss edilir ki, işğalçılar günün birində buralardan rədd olub gedəcəklərini yaxşı biliblər. Ona görə də bacardıqca çox dağıdıblar. Talayıblar, daşıyıb aparıblar. Apara bilmədiklərini də dağıdıblar ki, günün birində sahibləri geri dönüncə burada yaşaya bilməsinlər. Lakin bir hesabda yanılıblar: Azərbaycan dövləti öz xalqıyla əl-ələ verib buraları yenidən yoxdan var edəcək qədər güclüdür!

…Bir qədər irəlidə – Ağdam şəhərinə az qalmış avtobuslarımız dayandı. Aşağı endik. Bizdən sağda qalaq-qalaq daş yığınları vardı. Düşündük ki, dağıdılmış evlərin qalıqlarıdır. Lakin elə deyilmiş. Bura Ağdamın 2-ci Şəhidlər Xiyabanıymış. Bəli, yerlə yeksan edilmiş bu məkan illər öncə şəhidlərin uyuduğu məzarlıq imiş. Goreşən xislətli düşmən məzarları belə qazıb, orada yatanların sümüklərini talayıb, ətrafı öz xislətinə uyğun bayquş yuvasına çevirmişdi. Ərazi minalanmış olduğu üçün yaxına gedə bilməsək də aralıdan çəkiliş apardıq ki, bu vəhşətin izlərini biz də dünyaya göstərək…

Az sonra artıq Ağdam şəhərinə daxil olmuşduq. Biz azad edilmiş Ağdamı TV kanallarında görmüşdük. Dağıntılardan xəbərimiz vardı. Lakin miqyası yetərincə təsəvvür edə bilmirdik. İndi ərazidə olunca əsl faciəni – savaşın ruhunu öz üzərimizdə hiss etdik…

Şəhərlə bağlı nəyisə tək-tək təsvir etmək mümkün deyil. Çünki bir-birindən fərqli heç nəyə rast gəlinmir burada. Bütün görüntülər eynidir. Hər tərəfdə dağılmış tikililər var. Üstündə dam olan heç bir tikili yoxdur. Sadəcə bəzi tikililərin divarları tam olaraq dağılıb, bəzilərininki isə qismən. Yəni bir zamanların 40-50 min əhalisi olan şəhərindən geriyə qalanlar yalnız bunlardır. Bir də dağılmış evlərin içində bitmiş kol-kos və ağaclar insanda qəribə duyğulara səbəb olur. Baxdıqca düşünürsən ki, bu otaqlarda bir zamanlar kimlər yaşayıb görəsən? Yaxud da 30 il öncə o otaqlarda yaşamış insanların özləri məhz bu anda burada olsa hansı hissləri keçirərdi?

Təəssüf ki, şəhərdə sərbəst gəzib dolaşmaq imkanımız yox idi. Çünki hər tərəf minalandığı üçün yalnız bizə göstərilən yolla getməli, ayağımızı bir addım belə kənara qoymamalıydıq. Bununla belə, görə bildiklərimiz də bizə yetərli oldu. Baxdıq, gördük, kameranın yaddaşına köçürdük ki, dünyaya göstərək. Göstərək ki, başımıza gətirilənləri görüb ağrı-acımızı anlasınlar.

Anlayarlarmı? Dəqiq bilmirik. Amma sanırıq ki, qəlbi olan hər kəs bizi anlamaq zorundadır. Başqa cür mümkün deyil. 1993-cü ilsə Ermənistan silahlı qüvvələri Ağdamı işğal edərkən şəhərə zərər dəymişdi. Lakin bu qədər deyildi. İndi isə bizim qarşımızda az qala sıfırlanmış bir şəhər var. Yer üzündən silinmiş, məzarlıqları belə dağıdılmış bir şəhərdir bir zamanların o gözəl Ağdamı. Ermənilər belə millətdir. Onlar yalnız işğal etmir, həm də işğaldan sonra məhvetmə əməliyyatı da keçirir ki, tarixin bariz izlərini silsinlər. Silsinlər ki, sonradan qondarma tarixlə buraların “qədim erməni torpağı” olduğunu “sübut” etsinlər…

Ordumuz sağ olsun! Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasətini təmkinlə dəstəkləməsəydik çətin ki, bu torpaqlarımızı işğaldan azad edə bilərdik. Biz millət olaraq bunu bacardıq! Tək yumruq olmağı, liderin ətrafında birləşməyi, düşmənlə 21-ci yüzilin tələblərinə uyğun savaşmağı bacardıq! Ağdamın qalıqları bizdədir. Olsun! Biz onu yenidən quracağıq! Prezident İlham Əliyevin sözüylə desək, “Biz səni yenidən dirçəldəcəyik, Ağdam!”

Sözardı: Ermənilər bütün dünyaya bizi – Azərbaycanlıları və ümumiyyətlə türkləri vandal, barbar kimi təqdim edirlər. İddia edirlər ki, biz onların tarixi abidələrini dağıdırıqmış. Kimin əsl vandal və barbar olduğunu bilmək istəyənlər sadəcə Ağdamı bircə dəfə öz gözlərilə görsünlər, yetərli olacaq. Onda biləcəklər bizi ittiham edən ermənilər, əslində özlərinə aid sifətləri özgəsinə yapışdırmaq istəyirlər…

Dədəli, Xaçmaz

Təkcə bu görüntü 27 il düşmən tapdağında qalmış Ağdamın başına nə gətirildiyini göstərməyə yetərlidir.
Foto: Azər HƏSRƏT
Ağdamın yollarını ən yaxşı xarakterizə edəcək görüntülərdən tək biri.
Foto: Azər HƏSRƏT
Lap uzaqda görünən arka Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının binasından geriyə qalan tək nişanədir.
Foto: Azər HƏSRƏT
Milli Qəhrəman Allahverdi Bağırovun məzarının da olduğu Ağdam Şəhidlər Xiyabanı. Məzarlar dağıdılıb, talan edilib.
Foto: Azər HƏSRƏT

Самое лучщее доказательство армянской сущности: останки Агдама ВИДЕО/ФОТО

Mission News Theme by Compete Themes.