Press "Enter" to skip to content

“4.4 Qısa Tamaşalar Festivalı”na tamaşa qəbulu

Bayraqdar.info – Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalı “4.4 Qısa Tamaşalar Festivalı”na (QTF) tamaşa qəbulunu davam etdirir.

Bu barədə sentyabrın 7-də bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən bildirilib.

“Festivalın məqsədi 44 günlük tarixi Zəfəri səhnə əsərlərində yaşatmaq, eləcə də pandemiya dövrünün məlum reallıqları üzündən durğunlaşmış milli teatr prosesini canlandırmaqdan ibarətdir.

“4.4 Qısa Tamaşalar Festivalı” xalqın haqq savaşındakı qalibiyyətini Azərbaycan teatr tarixində əbədiləşdirməklə yanaşı, teatr mühitindəki sükunəti də aradan qaldırmağa, teatr sənətinin təbliğinə və inkişafına xidmət edəcək. Festival təkcə dövlət teatrlarını deyil, həmçinin özəl teatr kollektivlərini, müstəqil sənətçiləri əhatə etməklə, yeni istedadların aşkarlanmasına da zəmin yaradacaq.

“Qaliblər peşəkar teatr xadimlərindən ibarət münsiflər heyətinin qiymətləndirilməsi əsasında müəyyən ediləcək. Birinci yerin qalibinə 1 min 500 manat, ikinci yerin qalibinə 1000 manat, üçüncü yerin qalibinə isə 750 manat pul mükafatı veriləcək. Hər yer üzrə bir qalib seçiləcək.

“Bir kollektiv, yaxud sənətçi müsabiqəyə yalnız bir tamaşa ilə müraciət edə bilər. Müsabiqəyə göndərilən tamaşalara janr məhdudiyyəti qoyulmur. Müsabiqəyə təqdim edilən tamaşaların xronometrajı 15 dəqiqədən artıq olmamalıdır. Təqdim edilən materiallar oktyabrın 15-dən gec olmayaraq 4.4festival@teatro.az elektron poçt ünvanına göndərilməlidir”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.