Press "Enter" to skip to content

Belarusun azad edilməsində Azərbaycan oğullarının qəhrəmanlıqları

Bayraqdar.info – “Azərbaycanın cəsur oğul və qızları Böyük Vətən müharibəsinin bütün cəbhələrində vuruşaraq böyük hünər və qəhrəmanlıqlar göstəriblər. Minlərlə qəhrəman azərbaycanlı Belarus Respublikasının da faşistlərdən azad olunmasında iştirak edib, döyüşlərdə igidliklə, cəsarətlə vuruşublar. Aradan illər keçməsinə baxmayaraq Azərbaycan xalqının cəsur övladlarının adları bu gün həm ölkəmizdə, həm də azadlığı uğrunda vuruşduqları və həlak olduqları ölkələrdə əziz tutulur, xatirələri hörmətlə anılır.”

Bu sözlər sentyabrın 10-da Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdəndir.

Xəbərdə deyilir ki, Azərbaycan Hərb Tarixi Muzeyində Böyük Vətən müharibəsi zamanı Belarusun faşistlərdən azad olunmasında iştirak edən azərbaycanlıların xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Mərasimdə Muzeyin əməkdaşları, ictimaiyyətin nümayəndələri, mətbuat işçiləri və Belarus Respublikasından qonaqlar da iştirak ediblər.

Anım mərasimi Azərbaycan və Belarusun Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Böyük Vətən müharibəsində, o cümlədən Belarusun faşistlərdən azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Belarusun faşistlərindən azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıqlardan ətraflı danışaraq bildirib ki, Böyük Vətən müharibəsi illərində Belarusun azadlığı uğrunda iyirmi mindən çox azərbaycanlı vuruşub. Onlardan 14 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına, eləcə də başqa orden və medallara layiq görülüb.

“Brest qalası uğrunda gedən döyüşlərdə həlak olanlar arasında azərbaycanlılar da olub. Belaruslular öz vətənlərinin azadlığı uğrunda həlak olan digər xalqların övladları ilə bərabər Azərbaycanın cəsur oğullarının da xatirəsini həmişə əziz tuturlar. Moqilyev şəhərində azərbaycanlı Sovet İttifaqı qəhrəmanları Həzi Aslanovun, Aslan Vəzirovun, Nəcəfqulu Rəfiyevin və başqalarının büstləri ucaldılıb.

“Sonra professor Cəbi Bəhramov, tarix elmləri doktoru Nurulla Əliyev, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov və başqaları çıxış edərək Azərbaycan oğullarının Belarusun alman faşistlərindən azad olunmasında göstərdikləri igidlik və qəhrəmanlıqlardan danışıblar.

“Belarusdan gələn qonaqlar – jurnalist Larisa Kuçerova və Dmitri Koşebar tədbirin əhəmiyyətindən danışıb, Belarus xalqının ünvanına deyilən xoş sözlərə görə təşəkkürlərini bildiriblər.

“Sonda qonaqlara Böyük Vətən müharibəsi haqqında kitablar hədiyyə olunub və “Azərbaycan oğulları Belarusun müdafiəsində” adlı videoçarx təqdim edilib.

“Onlar həmçinin, Muzeyinin eksponatları ilə də tanış olublar”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.